H.B.Zərdabi 1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundovun "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyalarını tamaşaya qoyub. 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında onun böyük xidmətləri olub. 1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan “Əkinçi”nin nəşrinə başlayıb. 1877-ci il sentyabrın 29-da qəzetin nəşri dayandırılıb.
1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələrlə çıxış edib. Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyib.
Azərbaycanın böyük oğlu Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də vəfat edib və Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunub. Məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülüb.
Azərbaycan Təbiət Tarixi Muzeyi, Gəncə Pedaqoji İnstitutu Həsən bəy Zərdabinin adını daşıyır.
Bu günlərdə "Libraff"ın "Park Akademiya" filialında ədəbiyyatşünas-alim və diplomat, Azərbaycanın Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyevin Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabiyə həsr olunmuş, "TEAS Pres" nəşriyyatında çapdan çıxmış "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" adlı kitabının təqdimatı və imza mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu il milli mətbuatımızın 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamı xatırladaraq professor Vilayət Quliyevin "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının milli mətbuatımızın yubileyinə layiqli töhfə olduğunu bildirib.
Hazırladı: Mina RƏŞİD