1953-cü ildə istehsal olunan “QAZ-69” markalı avtomobilə bu qədər yaş vermək çətindir. Onu görənlər nə maşının yaşına, nə də bu qədər səliqə ilə saxlanmasına inanırlar.
“Hər gün onu silib-təmizləmişəm, vaxtı keçən və keyfiyyətini itirən hissələrini yeniləmişəm”, - deyə hazırda Şəki rayonunun Çələbixan qəsəbəsində yaşayan Məhərrəm söhbətinə davam edir: “Birincisi, bu maşını 1970-ci ildən atam Cəfərin yadigarı kimi qapımızda görmüşəm. İkincisi, o məni heç vaxt yarı yolda qoymayıb. Ən əsası isə çox ağır günlərdə onun sayəsində erməni quldurlarının əlindən xilas olmuşuq. Kim bilir, “QAZ-69” olmasaydı, o yollarda başımıza nələr gələrdi. Ona görə bu maşın mənim üçün çox qiymətli və əvəzsizdir. Məcburi köçkünlük illərində dəfələrlə müştəri çıxsa da, heç nəyə dəyişmədim. Aprelin 1-də Kəlbəcərdən çıxanda evin açarları, bir kiçik xalça və bir də bu maşından başqa heç nə götürə bilmədik”.
Ali təhsilli inşaatçı olmasına baxmayaraq, Məhərrəm Rzayev köçkünlük illərində çilingər, mühərrik ustası işləyib, mal-qara saxlayıb. Son illərdə isə arıçılıqla məşğuldur. 68 yaşlı Kəlbəcər sakini doğma yurda qayıdacağı günə həmişə inanıb: “İnanırdım ki, o yerlərə mütləq qayıdacağıq. Vətən müharibəsində xalqımızın əldə etdiyi möhtəşəm Zəfərdən sonra Kəlbəcərə gedən ilk şəxsi maşınlardan biri, bəlkə də, birincisi mənim “UAZ”ım olub. 2020-ci il dekabrın 15-də Murov yolu ilə avtomobili Kəlbəcərə sürdüm. Təzədən o yerləri görmək həm sevindirici, həm də kədərli idi. Vətəni yenidən görmək xoş hissdir, amma onun talan edilmiş, viran qoyulmuş halı insanın ürəyini ağrıdır”.
Bu yaxınlarda Məhərrəm yeni çəkilən yolla öz avtomobili ilə yenidən Kəlbəcərə gedib: “UAZ” yeni çəkilmiş yollarda şütüyəndə elə bil dünyanı mənə verdilər. Kəlbəcəri görmək arzum çin oldu. İndi ümid edirəm ki, ailəmizin bütün üzvlərini mənə çox əziz olan bu avtomobillə doğma yurda aparmaq arzusuna da tezliklə çatacağam”, - deyə həmsöhbətimiz vurğulayıb. (AZƏRTAC)