Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Əflatun Mircahangir oğlu Fərəcovun doğum günüdür. O, 7 oktyabr 1999-cu ildə Lənkəran rayonunun Osakücə kəndində doqquzuşaqlı ailədə anadan olub. Ailəsində özü ilə birgə 5 bacısı və 4 qardaşı var idi. Əflatun uşaq yaşlarında valideynlərini itirib.
Azərbaycan Ordusunun əsgəri olan Əflatun Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.
Əflatun Fərəcov Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimizin mübarək nəşi bir müddət sonra tapılaraq 20 noyabr 2020-ci ildə doğma Lənkəranda torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əflatun Fərəcov ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və “İgidliyə görə” medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Əflatun balamız!
Mina RƏŞİD