İşğalçı Ermənistanın növbəti təxribatlarına cavab olaraq rəşadətli ordumuz əks-hücum əməliyyatlarına başlayarkən Vilayət cəmi altı ay idi hərbi xidmətdən qayıtmışdı. Dostu Fərid Xəlilov deyir ki, Vilayətin ürəyi orduda idi, yenidən hərbi xidmətə qayıtmağı düşünürdü. Vətən müharibəsinin başlanması onu bu istəyinə qovuşdurdu...
Hərbi səfərbərliklə yenidən ordu sıralarına qayıdan Vilayət döyüşlərin ilk günlərindən ön cəbhədə olub. O, şirin ləhcəsində söhbətləri ilə əsgər yoldaşlarında ruh yüksəkliyi yaradır, həm də döyüş tapşırıqlarının yerinə yetirilməsində cəsurluğu ilə seçilirdi. Yeniyetmə vaxtlarından idmanla məşğul olduğundan ən çətin məqamlarda belə dözümlülük göstərir, fiziki cəhətdən zəif düşən silahdaşlarına da kömək edirdi.
Vilayət düz bir ay düşmənlə üzbəüz döyüşdü. Füzulinin, Cəbrayılın, Qubadlının işğaldan azad olunması uğrunda döyüşlərdə şücaətlər göstərdi.
Vilayət Allahverdiyev ordumuzun zəfər yürüşü Laçın rayonu ərazisinə çatanda oktyabrın 28-də qızğın döyüş zamanı düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi.
Bu gün Vilayətin Birinci Biləcik kəndindəki məzarı həmkəndlilərinin, xüsusilə, təhsil aldığı orta məktəbin şagirdlərinin müqəddəs ziyarətgahına çevrilib. Şəhidin ailəsi onun adı və qəhrəmanlığı ilə fəxr edir.
Vətənimizin bölünməzliyi uğrunda canını qurban verən şəhid Vilayət Allahverdiyevin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.
Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Vilayət Allahverdiyev ölümündən sonra, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD