Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Elçin Hacıbəy oğlu Arazovun doğum günüdü. O, 8 avqust 2001-ci ildə Quba rayonunda anadan olub. Orta məktəbi bitirən Elçin 2019-cu ilin oktyabrın 1-dən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun əsgəri olan Elçin Arazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Elçin Arazov 31 oktyabr 2020-ci ildə Suqovuşan döyüşləri zamanı
qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elçin Arazov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD