28.06.2025, 06:53
AZ EN
06.10.2022, 15:46 446

Arxaya baxmadan irəli gedin

XƏBƏRLƏR
  • 44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə canından çox sevdiyi Vətənə ömrünü hədiyyə edən igidlərimizdən biri də Həmiddir.

1994-cü il dekabrın 11-də dünyaya göz açan Qasımov Həmid Oruc oğlu Kəngərli rayonunun Qapallı kəndində böyüyüb. İçindəki Vətən sevgisi, hərbi forma eşqi 2009 ildə onu Naxçıvan şəhərindəki hərbi liseyə gətirib. 2016-cı ildə Ali Hərbi Məktəbi bitirən gənc leytenant  Aprel döyüşlərinin fəal iştirakçısı olub.  N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edən Həmidə 2019-cu ildə ordu komandanlığı tərəfindən göstərdiyi xidmətlərə görə baş leytenant rütbəsi verilib və o, bölük komandiri vəzifəsinə təyin edilib. Xidməti dövründə  komandanlıq tərəfindən dəfələrlə fəxri fərmanla mükafatlandırılıb.

44 günlük Vətən müharibəsi başlayan ilk gündən döyüş bölgəsinə yollanan yollanan zaman da sevincinin həddi-hüdudu yox imiş Həmidin. O, Suqovuşanın, Laçının azadlığı uğrunda  gedən döyüşlərdə də şücaət göstərib. Cəsurluğu ilə əsgərlərinə, döyüş yoldaşlarına örnək olub.   

Vətən müharibəsi qazisi baş leytenant Əli Əlisoy vaxtilə Həmidin bütün kursantlara da nümunə olduğunu bildirərək qeyd edib ki, şəhid baş leytenant Həmid Qasımovu lisey vaxtlarından tanımışam. Mən ondan bir kurs aşağı oxusam da biz daim ondan nümunə götürmüşük. Biz yuxarı kurslardan da hərbi xidmətin çətin yollarını öyrənirdik. Onun yerişində də bir hərbçi ötkəmliyi vardı. Hələ liseydə ikən Həmidin  üzünə baxanda biz bilirdik ki, o zabit kimi formalaşıb. Mən fəx edirəm ki, Həmid kimi mərd döyüşçü ilə tanış idim.

Həmid də düşmənlərimizi məhv edərək Azərbaycanımızı var edən oğullarımızdan oldu.

Qəlbində Azərbaycan boyda yurd sevgisi daşıyan Tovuz xanım deyir ki, mən oğlumun şəhidliyinə üzülmürəm, qürurlanıram, onunla fəxr edirəm. 4 il idi ki, Həmid həmid yüksəkliklərdə, Milli Qəhrəmanımız Mübariz İbrahimovun postunda xidmət edirdi. O, uşaqlıqdan çox qeyrətli, düşüncəli, anasına bağlı olan övlad idi. Bunun da biz nəticəsini gördük. Anasını sevən oğullar qəhrəman olur. Müharibə başlamamışdan əvvəl Həmid qardaşına zəng eləmişdi. Dedi ki, səfərbərlik elan olunsa sən könüllü yazıl, gəl burda iki qardaş birlikdə döyüşək, zəfəri Qarabağda qeyd edək. Həmid şəhid olandan sonra,  demək olar ki, onun əsgərlərini çoxu gəlib məni tapıb. Hamısı deyir ki, ana, müharibə başlamamışdan bir gün qabaq Həmid dedi ki, bu bizim borcumuzdur, yəni, illərlə arzuladığımız bir gün gəlib çatıb.Qorxmadan gedin irəli, komandirəm, gördünüz ki, şəhid oldum, heç özünüzü itirməyin, arxaya baxmadan irəli gedirsiniz. Dedi ana, sən belə oğulun anasısan, şəhid anasısan, başını həmişə dik tut. Dedim siz məni tanımırsınız, Həmidi mən böyütmüşəm. Onun ruhu  məni hər yerdə izlədiyinə görə mən heç vaxr başımı əyməyəcəm. Sənə halal olsun oğlum, bir dənə də oğlum var, onu da sənin kimi Vətənə qurban verməyə hazıram.

Oktyabrın 6-da şəhidimiz doğma torpaqda dəfn edilib.

“Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Allahdan şəhidimizə rəhmət eləsin, qəbri nurla dolsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər