05.08.2025, 07:51
AZ EN
18.07.2025, 17:52 120

Agentlik: İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının genişləndirilməsi əsas prioritetlərdəndir

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının 2019-2030-cu illər üçün Məşğulluq Strategiyası çərçivəsində həyata keçirilən tədbirlər planının davamı olaraq, artıq 2025-2027-ci illər üçün yeni Strateji Plan hazırlanaraq təsdiqlənib. Bu sənəd əmək bazarındakı çağırışlara daha çevik və sistemli yanaşmanı təmin etmək məqsədi daşıyır. Agentlik qarşıdakı illərdə fəaliyyətini məhz bu strateji baxış əsasında formalaşdırır. Əsas hədəfimiz işsizliyin azaldılması ilə yanaşı, daha dayanıqlı, inklüziv və rəqəmsal əmək bazarının inkişafına töhfə verməkdir.

Bunu məxsusi müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Sadiq Əliyev deyib.

İdarə Heyətinin sədri bunun üçün bir neçə əsas istiqamət üzrə kompleks tədbirlərin planlaşdırıldığını diqqətə çatdırıb: “Birincisi, məşğulluq tədbirlərinin təkmilləşdirilməsidir. Burada özünüməşğulluq proqramlarının aqrar və qeyri-aqrar istiqamətlər üzrə daha məhsuldar və məqsədyönlü dizayn edilməsi, sosial iş yerlərinin təşviqi və kvota sistemi ilə işədüzəltmə mexanizmlərinin daha effektiv tətbiqi nəzərdə tutulur. İkincisi, peşə hazırlığı və peşəyönümü xidmətlərinin gücləndirilməsidir. Burada əmək bazarının tələblərinə uyğun bacarıqların formalaşdırılması üçün peşə təlimlərinin keyfiyyətinin artırılmasını, karyera məsləhətçilərinin sayının artırılması və fərdi məşğulluq proqramlarının daha effektiv icrasını qeyd edə bilərik. Üçüncüsü, rəqəmsallaşmanın genişləndirilməsidir ki, burada “Əmək və məşğulluq altsistemi”nin (ƏMAS) imkanlarının təkmilləşdirilməsi, məşğulluq statistikası və analitik alətlərin inkişaf etdirilməsi hesabına daha obyektiv qərarların qəbulu nəzərdə tutulur. Dördüncüsü, sosial tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsidir. Yəni əmək bazarında iştirak edən bütün tərəfdaşlarla, xüsusilə yaşıl iqtisadiyyat və sosial inklüzivlik istiqamətlərində birgə təşəbbüslər genişləndiriləcək. Beşinci, strateji təhlil və proqnozlaşdırmanın inkişaf etdirilməsidir. Altıncı, institusional inkişafdır. Nəhayət, yeddinci, Böyük Qayıdış prosesinə dəstəkdir ki, işğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının genişləndirilməsi və insan resurslarının hazırlanması da əsas prioritetlərdəndir”.

DMA-nın İdarə Heyətinin sədri Sadiq Əliyevin AZƏRTAC-a məxsusi müsahibəsi ilə daha ətraflı linkdə tanış ola bilərsiniz. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR