Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Elvin Höküməli oğlu Həsənovun doğum günüdür. O, 8 iyul 1992-ci ildə Saatlı rayonunun Əhmədbəyli kəndində dünyaya göz açıb. Orta təhsilini Saatlı rayon Əhmədbəyli kəndindəki 269 saylı məktəbdə alıb. Təhsilini bitirib və bir müddət pambıq zavodunda çalışıb. Hərbi xidmətini Murovda keçirən Elvin 2012-ci ildə vəzifə borcunu şərəflə başa vurmuşdu.
Elvin Həsənov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində atıcı kimi iştirak edib. O, Zəngilan, Qubadlı uğrunda döyüşlərdə şücaətlər göstərib.
Elvin Həsənov 22 oktyabrda qanlı döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz Saatlı rayonunun doğma Əhmədbəyli kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Ölümündən sonra şəhid Elvin Höküməli oğlu Həsənov Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD