27.06.2025, 06:05
AZ EN
03.06.2025, 09:25 257

Görünmədən gör, ölmədən öldür...

XƏBƏRLƏR
  • Altay gözünü açandan evlərində torpaq, vətən sevgisini hiss etmişdi.  Ulu babası Qulu kişi Gəncə xanı Cavadxanın dəstəsində, babası Əşrəf kişi İkinci Dünya Müharibəsində döyüşüb. Atası Əli Quliyev isə Birinci Qarabağ Müharibəsinin qazisidir, o Vətən uğrunda bir qolunu itirib. Ona görə də Eltay illərlə düşmən tapdağında qalmış Vətən torpaqları uğrunda savaşmağı özünün vəzifə borcu bilirdi...

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Eltay Əli oğlu Quliyevin doğum günüdür. O, 1989-cu il iyunun 7-də Goranboy rayonunun Quşçular kəndində anadan olub. 1995-2006-cı illərdə Gəncə şəhərində 33 nömrəli tam orta məktəbdə təhsil alıb.
Eltay Quliyev 2007-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Eltay Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

 Eltay Quliyev sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz Gəncə şəhərinin Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Şəhidimiz ailəli idi, onun üç övladı Vətənə yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Eltay Quliyev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhidimizin anası deyir ki, Eltay torpağını, bayrağını sevən bala idi. Deyirdi mən torpaq uğrunda şəhid olacam. Oğlum istədiyi zirvəyə ucaldı. O, həmişə şərəfli ölüm istəyirdi.
Atası deyir ki, onun hərbi forma geyinməyə, orduya həvəsi var idi. O torpaqlarımızın işğal altında olmağına dözmürdü, bilirdi ki, mən də bu itki ilə barışa bilmirəm. Eltay Vətən müharibəsində döyüşdə öndə oldu. Məndən halallıq istədi. Elə yüksək əhval-ruhiyyəsi vardı ki. Düşməndən qisasımızı alacağıq, deyirdi. Onunla çox danışmaq olmurdu. Buna görə də ona mesaj yazdım ki, sonra oxuyar. Yazdım ki, Eltay qadan alım, mən bu müharibənin hər üzünü görmüşəm. Özünü qorusan, ağıllı hərəkət etsən daha çox xeyir verərsən. Görünmədən gör, ölmədən öldür... Ancaq Eltay bu mesajı oxuya bilmədi. O, Vətən müharibəsində igidlik, qəhrəmanlıq göstərərək ən ali, ən yüksək zirvəyə yüksəldi. Şəhid olub, şəhadət şərbətini içdi...
Şəhidimizin müəllimi Xuraman Tanrıverdiyeva deyir ki, Eltay əvəzolunmaz bir oğul idi. Nə heç kimi təkrar etmədi, nə də heç kim onu əvəz edə bilməz. Bu gün bizim şəhidlərimiz, şagirdlərimiz bizi hardasa utandırdı. Mən 6 il sinfə daxil olanda o ayağa qalxıb. Ancaq indi mən onun qarşısında ayağa dururam, qarşısında baş əyirəm...
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD

Oxşar xəbərlər