Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin Azərbaycana aid hissəsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini həyata keçirir.
İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi nazirliyin qarşısında duran başlıca məsələlərdir.
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilib.
Hazırda ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində ardıcıl quruculuq işləri davam etdirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir.
Azad edilmiş ərazilərdə su bioresurslarının ehtiyatlarının artırılması məqsədilə Bəsitçay, Həkəri çaylarına, Xaçınçay və Suqovuşan su anbarlarına və Qaragölə indiyə kimi minlərlə çəki, qızıl xallı forel balıqlarının körpələri buraxılıb. Bu il də həmin fəaliyyətin davam etdirilməsi planlaşdırılır.
İşğaldan azad edilmiş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 43 min hektar təşkil edir.
Ölkə başçısının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı müvafiq Sərəncamı var. Ötən dövr ərzində qoruğun sərhədlərinin dəqiqləşdirilməsi işləri başa çatıb. Bununla yanaşı, ərazidə yerləşən təbiət obyektlərinin inventarizasiyası işlərinə başlanılıb.
Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri mütəmadi olaraq ərazidə fauna və floranın müşahidəsi üçün birgə monitorinqlər həyata keçirirlər.
Mina RƏŞİD