27.06.2025, 18:27
AZ EN
13.05.2025, 11:16 258

Bu gün şəhid, gizir Hüseyn Qasımovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi Hüseyn Kamil oğlu Qasımovun doğum günüdür. O, 1984-cü il mayın 13-də Füzuli rayonunun Qaraxanbəyli kəndində dünyaya gəlib. Doğulduğu kənd ermənilər tərəfindən işğal olunduqdan sonra dədə-baba yurdundan köçkün düşən Hüseyn ailəsi ilə birgə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində məskunlaşıb. Orta məktəbi bitirdikdən sonra Ağcəbədi Pedoqoji Kollecində təhsil alıb. Amma təhsilini başa vurub müəllim deyil, hərbşi olub.

Azərbaycan Ordusunun giziri olan Hüseyn Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseyn Qasımov oktyabrın 2-də Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimizin həyat yoldaşı deyir ki, Hüseynlə 15 ildi ki, ailəli idik, yeniyetmə bir oğlumuz var. Həm həyat yoldaşı kimi, həm insan kimi əvəzolunmaz idi. Düzdür, onunla fəxr edirəm, amma yoxluğu mənə çox ağırdır. Hər gün ağlıya-ağlıya yolunu gözləyirəm. Elə bil ki, tək oğlunu yox, həm də məni yetim qoyub getdi. Mənə çox doğma, həm də bir sirdaş idi. Hüseyn ailəsinə qarşı çox mehriban, qayğıkeş olub...
Həmişə deyirdi ki, biz torpaqlarımızı azad etməsək, müharibə bizim övladlarımıza qalacaq. O, doğulduğu el-obasının həsrətini çəkirdi. Torpaqlarımızı azad etmək ən böyük arzusu idi. Bu arzuya görə də 2011-ci ildən hərbçi olmağı qərara aldı. İlk vaxtlar Tərtər, Ağdam, Füzulidə xidmət etdikdən sonra Beyləqana gələrək, hərbi qulluğu kəşfiyyat taborunda davam etdirdi. Verilən tapşırıqları layiqincə yerinə yetirdiyi üçün kəşfiyyat tağımının komandiri oldu.
Son dəfə oktyabrın 1-də danışdıq, oğluma zəng etmişdi, səsi yaxşı gəlirdi. Narahat olmamağımızı, hər şeyin yaxşı olduğunu dedi. Çox sevinirdi ki, torpaqlarımız düşmən əlindən azad olunur. Son sözü “Oğlum, mən şəhid olsam, idmanını davam etdir və ən tanınmış güləşçilərdən ol” - dedi.
Hüseyn hərbi hissə komandiri ilə birgə öndə döyüşürdü. Yoldaşım arzusuna çatmışdı. Doğma torpağından didərgin düşdüyü Qaraxanbəyli kəndini də azad etdi. Oktyabrın 2-si səhər saatlarında Cəbrayıl uğrunda gedən döyüşlərdə mənfur düşmənin snayper gülləsindən şəhid olub.
Hüseyn Qasımov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Hərbi xidmətlərə görə", "Füzulinin işğaldan azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər