Şəhid Zaur İsmayılzadə 1995-ci il iyulun 29-da Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olub. 2001-2012-ci illərdə milli qəhrəman Vüqar Mürsəlov adına Cəlilabad rayon Göytəpə şəhər tam orta məktəbində təhsil alıb. 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmət keçib. 2015-2017-cı illərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında "gizir" rütbəsi ilə xidmətini davam etdirib. Aprel döyüşlərində şücaət göstərən Zaur ağır yaralansa da 2018-ci ilə qədər xidmətini davam etdirib. Səhhəti ilə bağlı ordudan tərxis olunandan sonra isə müxtəlif MMC-lərdə mühafizəçi kimi fəaliyyət göstərib.
Zaur İsmayılzadə Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü", “Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Paytaxtın Sabunçu rayon Maştağa qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısında adına abidə-bulaq kompleksi tikilib.
Hazırladı: Mina RƏŞİD