Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi, Həsən Qəhrəman oğlu Məmmədlinin doğum günüdür. O, 1995-ci il iyulun 8-də Samux rayonunda anadan olub. Orta təhsilini 2001-2012-ci illərdə rayonun H.b.Zərdabi adına orta məktəbində, 2012-2016-cı illərdə isə “Odlar Yurdu” Universitetində beynəlxalq münasibətlər fakütəsində təhsil alıb. 2016-2017-ci illərdə Ağcabədidə yerləşən N saylı hərbi hissədə Vətənə xidmət edib. Həsən orta məktəbdə müəllim, təsərrüfat üzrə direktor müavini işləyirdi.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Həsən Məmmədli könüllü olaraq iştirak edib. O, Murovdağ, Cəbrayıl, Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.
Həsən Məmmədli 2020-ci il noyabrın 5-də Laçın rayonu istiqamətində gedən döyüşlərdə neytralda qalan şəhid yoldaşını oradan çıxarmağa gedərkən qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimizin nəşi 21 gün neytral zonada qaldıqdan sonra dogma rayonlarında böyük izdihamla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Həsən Məmmədli ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
Şəhidimizin anası Sveta Məmmədova xatirələrində Həsənin Vətəninə, elinə, obasına bağlı bir övlad olduğunu deyib: “Əvvəllər həmişə kənddə qonşularla söhbət edəndə deyirdi ki, müharibə olsa kəndimizdən döyüşlərə qatılan ilk könüllü mən olacam”. Həsən həm özünü, həm də bizi illərdir həsrətində olduğumuz arzumuza çatdırdı.
Həm ailədə, doğmalar arasında, həm də çalışdığı məktəbdə böyük hörmət qazanan Həsən orduda da çox böyük uğurlar əldə edib. Onunla çiyin- çiyinə vuruşan əsgər yoldaşları Həsənin döyüşərək düşmən postunu aldıqdan sonra şəhid olduğunu söyləyiblər:
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD