44 günlük Vətən savaşıda öz şücaəti ilə qəhrəmanlıq dastanı yazan şəhidlərimizdən biri də Aqil Niyaz oğlu Məlikovdur.
Aqil Məlikov 1986-cı il aprelin 6-da Quba rayonunun Alpan kəndində anadan olub. 1993-2004-cü illərdə Alpan kənd tam orta məktəbində təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Aqildə uşaq yaşlarından ermənilərə böyük nifrət formalaşıb. Çünki doğulub boya-başa çatdığı Alpan kəndi ötən əsrin əvvəllərində ermənilər tərəfindən yandırılaraq tamamilə məhv edilib, sakinləri isə soyqırımına məruz qalmışdır.
Aqil Məlikov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. 34 yaşlı igidimiz düşmən üzərinə atılan ilk döyüş qruplarında yer alıb. Füzuli rayonunun dörd kəndinin azad olunmasında iştirak edib. Qəhrəman döyüşçümüz Aqil Məlikov 100 il sonra yurdunun qisasını ermənilərdən alaraq 27 sentyabr 2020-ci ildə Qaraxanbəyli kəndində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Döyüş yoldaşlarının dediyinə görə Aqil şəhid olanadək düşmənin üzərinə yeriyib, onlarla erməni döyüşçüsünü məhv etməyi bacarıb.
Şəhidimizin anası Sara Məlikova bildirir ki, Aqil on il əvvəl ailə həyatı qurmuşdu. İndi oğlu Süleyman və qızı Xədicə ilə övlad itkimi ovundururam...
Övladları atalarının qəhrəmanlığı ilə qurur duyurlar. Aqil Məlikovun qızı Xədicə deyir ki, mənim atam dünyadakı ən yaxşı insan idi. O, mənim varlığım idi. Düzdür, o, indi bu dünyadan köçüb, amma hamımızın, bütün Azərbaycan xalqının qəlbində yaşayacaq. Həmişə görüntülü zəng edərdi. Bizi öpüb qucaqlayardı. Əslində, indi də öpüb qucaqlayır, amma mən bunu hiss etmirəm. Mən atamla fəxr edirəm...
Atası Niyaz Məlikov bildirir ki, Aqil döyüşlər başlayan vaxt evə zəng edərək sevinclə çoxdan gözlədiyi günün gəlib çatdığını bildirib.
Atası deyir ki, sentyabrın 27-də Aqillə telefonla danışdıq. Yüksək əhval-ruhiyyədə bildirdi ki, ermənilərin müdafiə xəttini yarıb, artıq üç kəndimizi mənfur düşmənlərdən azad etmişik. Bu onunla sonuncu danışığımız oldu. Sonra şəhid olduğunu öyrəndik. Mən oğlumla fəxr edirəm...
Qeyd edək ki. Aqil Məlikov Aprel döyüşlərinin də iştirakçısı olub. Xidməti dövründə bir neçə dəfə medallarla təltif edilib. Müdafiə naziri Zakir Həsənov ona şəxsən qol saatı hədiyyə edib. Mayor rütbəsi aldığını isə ailəsi Aqil şəhid olduqdan sonra öyrənib...
Mayor Aqil Məlikov ölümündən sonra "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Allahdan Şəhidimizə rəhmət diləyirik.
Tahirə AĞAMİRZƏ