Yenidən qurulan Füzuli şəhərində Mərkəzi Parkın ərazisinin tikinti qalıqlarından və digər tullantılardan təmizlənməsi, ərazinin müvəqqəti hasara alınması üzrə elan edilən açıq tenderin qalibi müəyyən olunub.
"Vətən səsi" xəbər verir ki, Qarabağ Dirşəliş Fondu tərəfindən “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq keçirilən tenderin qalibi kimi “RAMCO” QSC müəyyən olunub. Tenderin nəticəsi olaraq, qalib seçilmiş Səhmdar Cəmiyyətə 584 min 500 manat (ƏDV daxil) məbləğində satınalma müqaviləsi bağlanıb və müvafiq işlərə start verilib.
Xatırladaq ki, Füzuli şəhərinin yeni Baş plan layihəsinə əsasən, burada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatını nəzərə alaraq 22,47 hektar ərazidə Mərkəzi Parkın salınması nəzərdə tutulur. Layihə Qarabağ Dirşəliş Fondunun sifarişi ilə “By Medgalchi” şirkəti tərəfindən həyata keçirilir. Görülən işlərin bir hissəsi kimi həmin ərazilərdə ekoloji tarazlığın bərpasına da xüsusi önəm verilir. Məhz bu işlərin çərçivəsində Füzuli şəhərində 22,47 hektar ərazidə Mərkəzi Parkın salınması nəzərdə tutulub.
Park ekoloji turizmin stimullaşdırılması ilə yanaşı bioloji müxtəlifliyin qorunub saxlanılmasında mühüm rol oynayacaq. Burada istirahət zonaları, multifunksional açıq yaşıllıq sahələri, iaşə zonaları, piknik və idman məqsədilə istifadə ediləcək zonalar, qaçış üçün cığırlar, velosiped yolları, amfiteatr və digər obyektlərin yaradılması planlaşdırılıb.
Elxan SALAHOV