28.06.2025, 06:46
AZ EN
20.10.2023, 14:23 295

Zəngilan bizim üçün həsrət idi, bu gün həqiqətdir

XƏBƏRLƏR
  • İndi xatirələrimdə Zəngilanın işğaldan əvvəlki günləri canlanır. Zəngilan bizim üçün həsrət idi, bu gün həqiqətdir.

Bunu əslən Zəngilandan olan, AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyib. O, uşaqlıq illərini belə xatırlayır: “Rayonumuzun çox mehriban, olduqca səmimi, istiqanlı və dürüst adamları var idi, onlarda həmişə bir doğmalıq duyurdum. Hamı bir-birinə sevgi göstərirdi. Evimiz rayonun mərkəzində yerləşirdi. Qonşuların mehriban, səmimi ünsiyyəti illərdir xatirələrimdə iz saldı. Uşaqlıq illərimizin xatirəsi olan o məhəllə, o divarlar 30 ildə dağıdıldı. Hələ o məhəllədə keçirilən toylar... 2 gün davam edərdi. Çox maraqlı toy adətimiz var idi. Toyxanaların bəzədilməsi uşaqların sevincinə səbəb olurdu. İlaxır çərşənbələri rayon camaatı çox maraqlı keçirərdi. Novruz tonqalının alovları uşaqların sanki arzularının işığı kimi şölə saçırdı. Düşünürəm ki, qarşıdakı illərdə Zəngilanda Şəhər Günü daha təntənəli qeyd ediləcək. Həmin gündə rayonun folkloru, etnoqrafiyası ilə bağlı əyani vəsaitlərin təqdimatı, alimlər və sənət adamları ilə görüşlər reallaşacaq”.

Zəngilan Şəhəri Günü o torpağa canını fəda edən Xudayar Yusifzadə, Aqşin İbadov, Məhəmmədli Ələkbərov və digər şəhidlərin ruhuna ehtiramın göstəricisidir. Növbəti illərdə şəhid ailələrini Zəngilanda görmək də məqsədlərimizin sırasındadır.

T.Şükürlü vurğulayıb ki, Vətən müharibəsi bitdikdən sonra işğaldan azad edilmiş ərazilərin şəhər günlərinin qeyd edilməsi tarixin yeni səhifəsidir. Bunlar azad olunmuş şəhərlərə insan nəfəsinin, yeni nailiyyətlərin, inteqrasiyanın gətirilməsidir. Bu gün Zəngilan özünəqayıdış dönəmini yaşayır. Otuz illik əsarətdən qurtularaq canlanır, real həyata qayıdır. “Ağıllı kənd” ilə başlanğıcı qoyulan, sonra isə Cahangirbəyli, Zəngilan kəndlərinin təməlinin qoyulması Böyük Qayıdışı tezləşdirəcək. Bu ərazilər dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək.

“Biz Zəngilan gəncləri həmin günləri səbirsizliklə gözləyirik. Zəngilanda həyata keçirilən yenidənqurma və tikinti işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürümüzü bildiririk. Biz Zəngilan gəncləri hər zaman Prezidentin yanındayıq”, - deyə o, fikrini yekunlaşdırıb. (AZƏRTAC)

Oxşar xəbərlər