27.06.2025, 19:30
AZ EN
19.08.2023, 09:28 305

Bu döyüşdə öldü var, döndü yox, deyən qəhrəman, məqamın mübarək

XƏBƏRLƏR

Vətənpərvərlik ruhunda böyüyən hər bir Azərbaycan gəncinin arzusu o idi ki, 30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarımızın düşmənlərdən təmizlənməsində iştirak eləsin. Vilayət də bu arzu ilə yaşayır və inanırdı ki, tezliklə torpaqlarımız düşmən tapdağından azad ediləcək, Azərbaycan ordusu qələbə çalacaq və onun da bu döyüşlərdə əməyi olacaq. Aylarını, günlərini sayır, xəyalənda bu qələbəni canlandırdıqca fərəhindən sanki qanad açıb uçmaq istəyirdi...

O gün gəldi, 44 günlük Vətən müharibəsində şərəflə xidmət elədi Vilayət, düşmən istehkamlarının dağıdılmasında, neçə- neçə düşmənin gəbərdilməsində fəal iştirak elədi, əsl Vətən oğlu kimi döyüşdü... Azad olun ərazilərin sayı artdıqca Vilayətin qəlbi köksünə sığmırdı: "Bu döyüşdə öldü var, döndü yox!",- deyirdi özü-özünə...

Vətən Müharibəsi zamanı Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində qəhrəmanlıq göstərmiş və şəhadət məqamına yüksəlmiş hərbçilərdən biri də əsgər Allahverdiyev Vilayət Valeh oğludur.

O, 19 avqust 2000-ci il tarixində Şəki rayonu Birinci Biləcik kəndində anadan olub. 2006-2017-ci illərdə Birinci Biləcik kəndindəki orta məktəbdə təhsil alıb. Tərbiyəsi, vicdanı, vətənə sevgisi və ailəyə sədaqəti ilə daim seçilib. 2018-ci ildə həqiqi hərbi xidmətə yollanan V. Allahverdiyev 2020-ci ildə xidmətini başa vurub.

2020-ci il sentyabr ayında başlayan 44 günlük Vətən Müharibəsi zamanı ordu sıralarına könüllü qoşulub. Onun vəzifəsi motoatıcı manqasının atıcı-sanitarı idi. Vilayət Füzuli, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə layiqincə vuruşub və Laçın uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə medalları ilə təltif edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər