29.06.2025, 05:51
AZ EN
01.08.2023, 10:30 398

Ədalət Verdiyev: “Azərbaycan Qarabağ məsələsində qətiyyətlidir və bu mövqeyindən bir addım da olsun geri çəkilmək niyyətində deyil”

XƏBƏRLƏR
  • Məlumat verildiyi kimi,  Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan  şəxslərdən biri Vaqif Xaçaturyan  Laçın sərhəd-keçid məntəqəsindən Ermənistana keçmək istəyərkən saxlanılıb. Xaçaturyan  25 nəfər soydaşımızı öldürüb,  114 nəfər şəxsə müxtəlif bədən xəsarəti yetirib, 358 azərbaycanlıları isə qanuni yaşadıqları doğma yer-yurdlarından didərgin salıb. Caninin həbs edilməsi Ermənistanı  əməlli-başlı təşvişə salıb.

Meşəli sakini Süleyman Mahmudov deyir ki, Meşəli qatilərindən biri ələ keçirilməsi qanuni hadisədir: “Rahatlıq tapırsan ki,  Meşəli hadisəsində iştirak edib günahsız insanlarımızı qanına qəltan eləyən canilərdən biri tutulub. Çox ağır, həyacanlı anlar idi yaşadığımız o  anlar. Həmin hadisədə mənim anam da o hadisələrin qurbanı olmuşdu”.

Bəli gözlənilən gün yetişdi, cinayətkarın hesab günü yaxınlaşır. 31 ildir ki,  heç bir qanlı hadisələr törətməmiş kimi gəzən,  günahsız insanların qanını üzərində daşıyan, rahatca həyatını yaşayan Xaçaturyanın axır ki, yaxası ələ keçdi. Bəlkə də hələ 92-93-cü illərin xəyyalları ilə yaşadığına görə ağlına da gəlmirdi ki, gün gələcək törətdiyi qanlı cinayətlərinin cəzasını çəkəcək. Tarix isə heç bir cinayətkarı cəzasız buraxmır. 25 insanın ölümünə, 114 nəfərin ağır bədən xəsarəti almasına,  358 insanın isə öz doğma yurd-yuvalarından didərgin düşməsində əli olan bu cinayətkar indi ədalətin qarşısında çarəsiz qalıb.

Hərbi ekspert Ədalət Verdiyev ATV-yə məsələ ilə bağlı açıqlamasında bildirib ki, Azərbaycan tərəfinin bu addımı beynəlxalq ictimaiyyətə bir daha xatırlatdı ki,  Azərbaycan Qarabağ məsələsində kifayət qədər qətiyyətlidir və  bu mövqeyindən bir addım da olsun geri çəkilmək niyyətində deyil: “Erməni silahlılarına və Qarabağda hələ də qalmaqda olan ünsürlərə onların heç bir halda Azərbaycanın Hüquq Mühafizə Orqanlarından yayına bilməyəcəyini nümayiş etdirdi”.

Ermənistanın rəsmi dairələrinin Xaçaturyanın saxlanılmasına qarşı kəskin etirazları bir daha bu ölkənin hərbi cinayətləri dövlət səviyyəsində dəstəkləməsinin əyani sübutudur.

Ekpertin sözlərinə görə, Vaqif Xaçaturyanın qaytarılması məqsədilə qeyri-qanuni olaraq Xankəndində yerləşən Beynəlxalq Qırmızı Xaç Komitəsinin  önündə aksiyalara başladılar: “Bu aksiyaları əslində erməni icması Araik Arutyunyanın ofisi önündə keçirməli idi və əhalini əlində bir alət kimi istifadə edən Araik Arutyunyandan hesabat tələb olunmalıydı”, - deyə Ə.Verdiyev vurğulayıb.

Azərbaycanın isə cavabı qətidir. Azərbaycan ölkəmizin ərazisində müharibə, hərbi cinayətlər  törətmiş şəxslərə qarşı müvafiq cinayət işinin başladığını son 30 ildə dəfələrlə  açıq şəkildə bəyan edib və onlar barədə beynəlxalq axtarışlar  elan edilib. Ölkə qanunvericiliyinə və beynəlxalq təcrübəyə uyğun olaraq onların məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər