26.09.2025, 04:11
AZ EN
26.08.2025, 13:42 360

Zəngəzur dəhlizi Türkiyəyə 30 ildə 4,4 milyard dollar qazandıracaq

XƏBƏRLƏR
  • Azərbaycanın strateji əhəmiyyət daşıyan nəqliyyat layihələrindən Zəngəzur dəhlizi təkcə region ölkələri deyil, bütün Türk dünyası üçün böyük perspektivlər vəd edir. Bu nəqliyyat dəhlizinin açılması ilə təkcə Türkiyə 30 il ərzində təxminən 147,6 milyard lirə və ya 4,4 milyard dollar qazanc əldə edə bilər.

"Vətən səsi" xəbər verir ki, bunu  Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib. O, qeyd edib ki, Zəngəzur dəhlizi Türk dünyası ilə Uzaq Şərqi birləşdirən ən qısa yol olacaq. Həmin dəhliz vasitəsilə 15 milyon ton yük daşınacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, yüklərin daşınmasına sərf olunan vaxtın azalması, yolun rahatlığı, qəzaların azalması kimi amillər də Zəngəzur dəhlizinin iqtisadi səmərənin artımında mühüm əhəmiyyət daşıyır.

Türkiyəli nazir əlavə edib ki, onun ölkəsi 30 illik proqnozda 135 milyard lirə, qəzaların azalmasından 3 milyard lirə gəlir əldə edəcək: "Həmçinin iqlim gəlirləri üzrə 3,5 milyard,  yol xidməti gəlirimiz isə 4 milyard lirə olacaq. Beləliklə, 30 illik proqnozda Türkiyənin Zəngəzur dəhlizindən 147,6 milyard lirə gəlir əldə edəcəyimizi təxmin edirik".

Abdulkadir Uraloğlu Orta Dəhlizlə birlikdə dəmir yolu ilə ticarətin dəniz nəqliyyatına nisbətən əhəmiyyətli olduğuna, xüsusilə vaxta qənaət məsələsinə də diqqət çəkib. O, qeyd edib ki, hər iki halda alternativlərin olması vacibdir: "Yenicə təməli qoyulmuş Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti qurulduqdan sonra buraya qoyduğumuz sərmayə müəyyən müddətdə geri qayıdacaq. Biz bunu təkcə nəqliyyat variantı kimi düşünmürük, həm də sərmayə kimi düşünürük. Bu layihə Orta Dəhlizə güclü dəstək verəcək və dəniz nəqliyyatı ilə müqayisədə ciddi vaxt qazanacağıq, Bunun nəticəsində Zəngəzur dəhlizi Türk dünyasına və Uzaq Şərq bazarlarına ən qısa çıxış yolu kimi formalaşacaq".

Türkiyəli nazir vurğulayıb ki, Zəngəzur dəhlizi yalnız iqtisadi deyil, həm də siyasi və strateji baxımdan Türkiyə və bölgə üçün tarixi əhəmiyyət daşıyır.

Xatırladaq ki, uzunluğu 43 kilometr olan Zəngəzur dəhlizinin yaxın 5 il ərzində tililərək istifadəyə verilməsi gözlənilir. Hazırda dəhlizin tikintisi ilə bağlı təfərrüatlar tam dəqiqləşdirilmədiyindən müzakirələr davam edir.

Elxan SALAHOV

Oxşar xəbərlər