O, deyib ki, rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində təbii sərvətlərimiz separatçılar və ayrı-ayrı qurumlar tərəfindən qeyri-qanuni olaraq istismar olunur. Azərbaycan bununla bağlı dəfələrlə məsələ qaldırıb. Sülhməramlılarla da monitorinq aparılması üçün razılıq əldə olunmuşdu. Razılığa görə, sülhməramlılar Azərbaycanın dövlət qurumları və yerli təşkilatlarına imkan yaradacaqdı ki, onlar gedib həmin mədənlərə baxış keçirsin. Amma sonradan buna imkan verilmədi. Daha doğrusu, sülhməramlılar oradakı separatçıların qalıqları ilə bizə qarşı təxribat həyata keçirməyə çalışdılar.
Millət vəkili daha sonra deyib ki, Qarabağın dağlıq hissəsində hazırda ermənilərin yaşadığı ərazilərə rus sülhməramlıları ilə yanaşı, həm də Azərbaycanın dövlət orqanları nəzarət etməlidirlər: “O ərazilər beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir. Azərbaycanın bu ərazilərə tam nəzarət etməyə, ora Azərbaycanın dövlət qurumlarının daxil olmağına tam səlahiyyəti var. O baxımdan hesab edirəm ki, bizim həmin ərazilərə daxil olmağımızın tam vaxtıdır və Azərbaycan bunu ən qısa zamanda edəcək. Ermənilər bilsinlər ki, hansısa təxribatla bunun qarşısını ala bilməzlər”.
Ceyhun Məmmədovun sözlərinə görə, beynəlxalq hüquqa əsasən, Azərbaycanın Qarabağın ermənilər yaşayan ərazilərinə girməyə haqqı var, bu təmin olunmadığı üçün rəsmi Bakı konkret addım atmağa məcbur qalıb: “Andrey Volkov, separatçı Vitali Balasanyan və Ruben Vardanyan üçlüyünün məkrli niyyəti sayəsində azərbaycanlı mütəxəssislərin yerlərdə mineral yataqlarla bağlı monitorinq aparmasının qarşısı alındı. Hətta onlar Xankəndində yaşayan erməniləri gətirərək, bu prosesə qarşı bir aksiya da təşkil etdilər. Bu gün Şuşa-Xankəndi yolunda Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının keçirdiyi aksiyanın da məqsədi odur ki, monitorinqlərə icazə verilsin”, - deyə millət vəkili vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ