"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Baş nazir Nikol Paşinyan II Qareginin vəzifəsindən kənarlaşdırılmalı olduğu barədə növbəti dəfə xəbərdarlıq edib. Baş nazir həm də bildirib ki, Erməni Apostol Kilsəsi vergi ödəməli, din xadimləri vergi orqanlarına bəyannamə təqdim etməlidir. Onun sözlərinə görə, Erməni Apastol Kilsəsində hələ bir neçə ay əvvəl elan edilmiş islahat konsepsiyası üvvədədir və istənilən halda bu institsional xarakteri dəyişikliklər həyata keçiriləcək.
Paşinyan onu da vurğulayıb ki, nəzərdə tutulan islahatlar həm kilsənin fəaliyyətində şəffaflığı təmin edəcək, həm də din xadimləri öz funksiyalarını yerinə yetirərkən daha məsiliyyətli olacaq. Əks halda, qanunun tələbi əsasında onları sərt cəza gözləyir: "Dini həyat dəyər yönümlü olmalıdır və onun qorunması hamının borcudur, kilsə rəhbərlərinin isə həm də birbaşa vəzifəsidir. Ona görə də dəyər yönümlü dini həyatın təmin edilməsi üçün Erməni Apostol Kilsəsində islahatlar zəruridir. Son onilliklərdə kilsənin faktiki rəhbərliyinin fəaliyyəti nəticəsində inanclılar böyük ölçüdə kilsədən uzaqlaşıblar və bu proses davam edir. Bu, həm də mənəvi təhlükəsizlik məsələsidir, çünki xarici qüvvələrə kilsəni Ermənistanın müstəqilliyi və suverenliyinə qarşı hibrid mübarizə alətinə çevirmək imkanı yaradır".
Baş nazir onu da bildirib ki, onun rəhbəri olduğu hakim "Vətəndaş Müqaviləsi" Partiyası kilsədə islahatların aparılmasının zəruriliyini dərk edir və bununla bağlı hazırlanmış konsepsiya geniş ictimaiyyət tərəfindən dəstəklənir. İslahat konsepsiyasına kilsənin faktiki rəhbərinin, yəni II Qareginin vəzifədən uzaqlaşdırılması, müəyyən olunmuş müddət üçün müvəqqəti katolikosun seçilməsi də daxildir. Həmçinin kilsənin fəaliyyətinin qanunvericilik əsasında tənzimlənməsini təmin etmək üçün müvafiq nizamnamənin qəbul edilməsi nəzərdə tutulur. Nizamnamədə kilsələrdə maliyyə şəffaflığı və din xadimlərinin etik davranış qaydaları da əks olunacaq. Erməni Apastol Kilsəsinin rəhbərinin və digər dini qurumlarda vəzifəli şəxslərin təyinatı məhz nizamnamədə göstərilən mexanizmlər əsasında həyata keçiriləcək.
Yeni hazırlanmış konsepsiyaya əsasən, Ermənistanda din xadimlərinin sosial müdafəsi dövlətin təminatı sisteminə daxil ediləcək. Hökumət həmçinin bütün vətəndaşların dini etiqad azadlığına hörmət etdiyini vurğulayır. Bildirilir ki, Ermənistan dünyəvi dövlətdir, Konstitusiyaya əsasən dini təşkilatlar dövlətdən ayrıdır. Kilsədə islahatlar gündəliyi onu siyasətdən uzaqlaşdırmaqla konstitusion quruluşun tam bərpasına xidmət edir.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra bütün ermənilərin katolikosu II Qaregin Paşinyanı istefaya çağıraraq onunla münasibətləri tamamilə pozub. Son üç ildə Ermənistanda hökumət-kilsə münasibətləri ciddi qarşıdurma həddinə çatıb və tərəflər bir-birini xəyanətdə ittiham edir. Həmin vaxtdan ermənilər əhalisinin əksəriyyətini ehtiva edən Ermənistan Apostol Kilsəsinə hökumətdən daha çox güvənirlər. İndi isə Paşinyanla katolikos arasındakı münaqişə Ermənistan cəmiyyətini daha da parçalamaq, gələn ay keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir göstərmək və Azərbaycanla aparılan sülh danışıqlarına mənfi təsir etmək riski daşıyır. Buna görə də Baş nazir Nikol Paşinyan II Qaregini Rusiyanın sifarişlərini yerinə yetirməkdə ittiham edərək onun istefasına nail olmağa çalışır.
Elxan SALAHOV