"Vətən səsi" xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, bunu politoloq Edqar Arakelyan deyib. Onun sözlərinə görə, Ermənistanda bir çoxları Robert Köçəryanın Rusiyanın himayəsi altında hakimiyyətə qayıtmaq istədiyiunə inanmaq istəmir: "Buna müəyyən əsaslar da var, Köçəryan Rusiya prezidentinin şəxsi dostu olsa da, Kremldə onu istəməyənlər də var. Ona görə də bir çoxları bizim uzun müddətdir dediklərimizə şübhə ilə yanaşır, Karapetyan, Sarukyan və digər müxalifət komandaları seçkilərdə səs toplayarsa, Köçəryan onların vahid baş nazir namizədi olacaq".
Erməni politoloq əlavə edib ki, Karapetyan və Sarukyanın dərc olunan seçki siyahıları Köçəryanın hər iki komanda üzərində tam nəzarəti ələ keçirdiyini açıq şəkildə göstərib. Onun fikrincə, həm Karapetyan, həm də Sarukyanın siyahılarında ikinci yerdə Köçəryanın siyasi komanda yoldaşları, ən etibarlı şəxsləri olan Vardevanyan və Tevanyan gəlir: "Rusiyanın əsas namizədi Köçəryan olduğundan, həmçinin Karapetyan və Sarukyanın komandalarını idarəolunan etmək problemi də olduğundan Moskvanın dəstəyi ilə Köçəryan etibarlı iki adamını həmin komandalara göndərdi və onları ikinci yerə qoydu".
Edqar Arakelyan hesab edir ki, Karapetyan-Sarukyan komandası bu konfiqurasiya ilə təlimatı birbaşa Köçəryandan alacaqlar. Onun dediyinə görə, Kremldəki müəyyən dairələr onların seçki kampaniyası dövründə və səsvermə prosesi və sonrakı mərhələdəki addımlarını koordinasiya edəcəyinə söz veriblər: "Bu, Köçəryanı yenidən hakimiyyətə qaytarmaq planıdır. Moskva bu planı həyata keçirəndən sonra Ermənistanın boynuna doladığı kəndirlə ölkəni istədikləri kimi idarə edəcəklər".
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Elxan SALAHOV