“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 147-ci kitabında yer alan bu sözləri dövlətimizin başçısı 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksindəki evlərə köçən sakinlərlə görüşündə söyləyib.
Çoxcildliyin bu kitabında toplanmış materiallar 2025-ci ilin avqust-sentyabr aylarını əhatə edir.
Bu nəşrə Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfərinə, Prezident Donald Tramp ilə görüşünə, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması mərasiminə dair materiallar, Azərbaycan və ABŞ prezidentlərinin, Ermənistanın Baş nazirinin mətbuata bəyanatlarla çıxışlarının mətnləri daxil edilib. Oxucular yeni kitabda Azərbaycan Respublikası Prezidentinin, Amerika Birləşmiş Ştatları Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Birgə Bəyannaməsinin mətni, habelə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi haqqında materialla və dövlətimizin başçısının Azərbaycan media nümayəndələrinə müsahibəsi ilə də tanış ola bilərlər.
Azərbaycan Prezidenti ötən ilin avqust ayında Gəncə və Kəlbəcər şəhərlərinə səfər edib. Dövlətimizin başçısı Kəlbəcərdə 4-cü yaşayış kompleksinin, şəhər parkının təməlqoyma mərasimlərində, “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib, Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub, 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılmış şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşdə çıxış edib. Prezident, həmçinin Ağdərə rayonunun Vəngli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, Kolatağ və Vəngli kəndlərinin sakinləri ilə görüşüb. Bütün bunlar haqqında informasiyalar 147-ci kitabda verilib.
Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfərinə, Azərbaycan Respublikası, Özbəkistan Respublikası və Türkmənistan arasında yüksəksəviyyəli görüşdə çıxışına, görüşün yekunlarına dair mətbuata bəyanatlarla çıxışlara, sənədlərin imzalanması mərasiminə dair materiallar da yer alıb.
Oxucu bu kitabda Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsinin mətni ilə də tanış ola bilər.
Azərbaycan Prezidenti avqust ayının 30-dan sentyabrın 3-dək Çində işgüzar səfərdə olub, bir çox görüşlər keçirib, habelə ŞƏT+ formatında görüşdə çıxış edib. Bütün bunlar haqqında informasiyalar yeni kitabda toplanıb.
Dövlətimizin başçısı sentyabr ayında Qarabağ bölgəsinə səfər edib, Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirak edib, Sos kəndində, Qırmızı Bazar qəsəbəsində görülən işlərlə tanış olub, qəsəbədə Qırmızı Bazar, Hadrut və Sos kəndlərinin sakinləri ilə görüşüb. Prezident Xankəndidə Qarabağ Universitetinin Klinikasının binasının Tibb və sağlamlıq elmləri fakültəsi tədris korpusunun açılış mərasimində iştirak edib. Ölkə rəhbəri Xocalı rayonunun Şuşakənd, Seyidbəyli, Daşbulaq, Badara kəndlərində görülən işlərlə tanış olub, Badara kəndində Daşbulaq, Seyidbəyli, Şuşakənd və Badara kəndlərinin sakinləri ilə görüşüb.
Prezident Şuşada isə ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşlər keçirib. Yeni nəşrdə həmin görüşlər haqqında da məlumat verilib.
Çoxcildliyin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.
Bu cildin hazırlanmasında da Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub. (AZƏRTAC)