06.03.2026, 15:20
AZ EN
06.03.2026, 09:54 207

İran müharibəsi Ermənistanı da "vura" bilər

XƏBƏRLƏR
  • Yeddi gündür ABŞ və İsraillə qızğın müharibə vəziyyətində olan İranın Türkiyə və Azərbaycana hava hücumu Ermənistanı da təvişə salıb. Ermənistanın Baş naziri Nikol Paşinyan İranın Naxçıvana PUA hücumundan sonra Təhlükəsizlik Şurasının iclasını çağırıb.

"Vətən səsi" xəbər verir ki, "Armenpress" agentliyinin yaydığı məlumata görə, dünən axşama doğru Paşinyanın sədrliyi ilə keçirilən iclasda ölkə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan,  parlamentin sədri Alen Simonyan və digər yüksəkrütbəli rəsmi şəxslər iştirak ediblər.

Məlumata görə, müzakirələrin əsas mövzusu regiondakı mövcud təhlükəsizlik vəziyyəti və nəqliyyat kommunikasiyalarının normal fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlər olub. Baş nazir mövcud çağırışlar fonunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və kommunikasiya xətlərinin açılması prosesi ilə bağlı məsul şəxslərə müvafiq tapşırıqlar verib.

Ermənistan mətbuatı rəsmi İrəvanın region üçün ciddi təhdidlər yaradan ABŞ-İsrail-İran müharibəsinə bir həfə ərzində heç bir reaksiya verməməsinə və yalnız Türkiyə ilə Azərbaycana hava hücumundan sonra müəyyən hərəkətlənmə müşahidə olunduğuna diqqət çəkir. Bildirilir ki, İranın ali dini lideri ayətullah Əli Xamneinin öldürülməsi və müharibənin şiddətlənməsi fonunda Ermənistanda müxalif qüvvələrin fəallaşması ölkədə təhlükəsizlik məsələlərini ön plana çıxarıb.  Ermənistanın strateji müttəfiqi, regionda ən yüksək dostluq və tərəfdaşlıq münasibətlərində olduğu İranda hərbi toqquşma şəraitində sabiq ombudsman, hazırda "Birlik qanadları" siyasi təşəbbüsünün lideri Arman Tatoyanın iki gün əvvəl təhlükəsizlik məsələləri ilə əlaqədar təcili mətbuat konfransı keçirməsi də təsadüfi sayılmır. "Şant alyansı" partiyasını, "Ayakve" milli-vətəndaş birliyini, "İrəli" hərəkatı və digər kiçik təşəkilatları özünün təşəbbüs qrupuna qoşmağı bacarmış Tatoyan iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərində baş nazirliyə namizədliyini irəli sürüb. Onun məhz İranla müharibə fonunda aktivləşməsi isə müəyyən suallar yaradır.

İddi olunur ki, məhz Tatoyanın liderlik etdiyi təşəbbüs qrupu Baş nazir Nikol Paşinyan administrasiyasına qarşı çıxan revanşist və şovinistlərin mərkəzi fiquruna çevrilmək iddiasındadır. İrandakı müharibənin regionda yaratdığı geosiyasi vəziyyət isə revanşist qüvvələrin əl-qolunu açmasına imkan yaradır ki, bu da Paşinyan hökumətinin "qonşularla sıfır problem" tezislərinə və ölkənin mühariblələrdən yayınmaq strategiyasına ciddi təhdidlər vəd edir.

Elxan SALAHOV

Oxşar xəbərlər