"Vətən səsi" xəbər verir ki, bunu Ermənistandakı Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan Bakı və İrəvan arasında son aylar sürətlə irəliləyən sülh quruculuğu prosesini şərh edərkən bildirib. O, qeyd edib ki, Paşinyan hökuməti hakimiyyətini möhkəmləndirmək üçün öz hədəflərinə doğru qətiyyətlə irəliləməyə çalışır və Azərbaycanın dəstəyi sayəsində bir çox hallarda buna nail ola bilir.
Tiqran Xzmalyan bildirib ki, ən yaxın perspektivdə Paşinyanın əsas hədəfi gələn ilin yayında keçiriləcək parlament seçkilərində partiyasını qalib elan edilməsinə nail olmaqdır. Onun sözlərinə görə, regiondakı mövcud vəziyyət də Azərbaycanla Gürcüstanın da Paşinyanı dəstəkləməsini zəruri edir: "Paşinyan israrla və səbirli şəkildə Ermənistanı yeni qurbanlıq masasına yerləşdirir. O, yenidən seçilməsinə dəstək almaq üçün hətta anklavları da çox rahatlıqla Azərbaycana verəcək və faktiki olaraq buna hazırlıq gedir. Yəni, Bakı nefi bu məsələdə həm sürtkü vasitəsi, həm də ağrıkəsicidir".
Xzmalyan qeyd edib ki, anklav ərazilərin Azərbaycana qaytarılması 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatda da açıq şəkildə qeyd olunmuşdu. Onun sözlərinə görə, sonrakı dövrdə davam edən sülh danışıqları çərçivəsində delimitasiya və demarkasiya şərtləri də tərəflər arasında razılaşdırılıb: "Razılaşmaya əsasən, Paşinyan hökuməti Arsvaşeni (Gədəbəy rayonunun Başkənd kəndini nəzərdə tutur - red.) Azərbaycana güzəştə gedəcək. Bildiyimə görə, Ermənistan tərəfi heç üçtərəfli bəyanatda da Başkəndi Azərbaycandan tələb etməmişdi. İndi isə açıq-aydın görünür ki, Paşinyan həmin əraziləri təhvil verməyə hazırlaşır".
Xatırladaq ki, Ermənistan Başkəndin Azərbaycan ərazisində ona məxsus anklav olduğunu iddia edir. Azərbaycanın Gədəbəy rayonunun inzibati ərazisinə aid olan həmin kənddə Birinci Qarabağ müharibəsinə qədər ermənilər məskunlaşıb. 1992-ci ilin 6–8 avqust tarixlərində həyata keçirilən uğurlu əməliyyat nəticəsində ərazi Azərbaycanın nəzarətinə qaytarılıb. Naxçıvan Muxtar Respublikasının Kərki kəndi isə Ermənistanın nəzarətindədir. Şərti səhəddə yerləşən kənd 1990-cı illərin əvvəllərində işğal olunduqdan sonra ermənilər həmin ərazilərdə yol qovşaqları inşa edib. Hazırda Ermənistan üçün strateji yollar bu yaşayış məntəqəsinin yaxınlığından keçdiyi üçün Kərkinin Azərbaycana qaytarılması Paşinyan hökumətinin başağrısına çevrilib. Halbuki Kərki ilə yanaşı Qazaxın üç kəndi (Yuxarı Əskipara, Bərxudarlı, Sofulu) də hüquqi baxımdan Azərbaycana məxsusdur və Ermənistan hökuməti həmin yaşayış məntəqələrinin geri qaytarılması ilə bağlı öhdəlikləri var.
Elxan SALAHOV