Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə ölkənin ictimai-siyasi həyatında yeni mərhələ başlandı. Onun rəhbərliyi dövründə milli kimliyin qorunması, mədəniyyətin inkişafı və kadr hazırlığına yönələn sistemli yanaşma formalaşdı. Həmin illərdə ali və orta ixtisas təhsili genişləndirildi, azərbaycanlı kadrların respublikanın bütün sahələrində irəli çəkilməsinə xüsusi diqqət yetirildi. Bu dövr həm də Azərbaycan elminin inkişafına təkan verdi. SSRİ səviyyəsində belə, Heydər Əliyev azərbaycanlıların siyasi elitalarda təmsil olunmasını təmin etdi.
1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması, Ermənistanın Azərbaycana qarşı təcavüzü və ölkədə yaranan siyasi gərginlik dövlət müstəqilliyini təhlükə altına salmışdı. Məhz bu mürəkkəb dövrdə xalqın çağırışı ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə sabitlik yaratdı, ordu quruculuğuna və siyasi institutların möhkəmlənməsinə yönəlmiş islahatlar həyata keçirdi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın enerji siyasətinin əsasını qoyaraq ölkəni regionun aparıcı iqtisadi gücünə çevirdi.
2003-cü ildən etibarən İlham Əliyev dövlət başçısı kimi Heydər Əliyevin siyasi kursunu yeni çağırışlara uyğun davam etdirdi. Onun rəhbərliyi ilə Azərbaycan sürətli sosial-iqtisadi inkişaf yoluna qədəm qoydu. Dövlət proqramları çərçivəsində regionların inkişafı, infrastrukturun yenilənməsi, informasiya texnologiyalarının tətbiqi və insan kapitalının gücləndirilməsi sahəsində böyük nailiyyətlər əldə olundu. Prezident İlham Əliyev Avropa İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi.
Xüsusilə, 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən parlaq qələbə Prezident İlham Əliyevin qətiyyətli liderliyinin bariz nümunəsi kimi tarixə düşdü. Bu müharibə yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də xalqımızın milli ruhunun dirçəlişi oldu. İlham Əliyev informasiya müharibəsində də uğurla çıxış edərək Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırdı. Müharibədən sonra azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri – “Böyük Qayıdış” proqramı çərçivəsində yeni yaşayış məntəqələrinin salınması, ağıllı şəhər və kənd konsepsiyalarının tətbiqi – Azərbaycan modelinin dünyaya təqdimatıdır.
Heydər Əliyev üçün gənclər və təhsil hər zaman prioritet olub. “Təhsil millətin gələcəyidir” prinsipi onun siyasətinin təməl daşı idi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilərək təhsil sistemində beynəlxalq standartlara uyğunlaşma təmin edilmiş, gənclərin xarici ölkələrdə təhsili üçün dövlət proqramları qəbul olunmuşdur. Eyni zamanda, idmanın və mədəniyyətin inkişafı üçün yaradılan şərait, Azərbaycanın beynəlxalq idman arenalarında qazandığı uğurlar dövlətin hərtərəfli siyasətinin nəticəsidir.
Milli ideologiyanın formalaşması və xalqla lider arasında qurulan güclü mənəvi bağ da bu siyasi xəttin davamlılığını təmin edən əsas amillərdəndir. Heydər Əliyev "Mən hər bir azərbaycanlının prezidentiyəm" deyərkən necə bir missiyanın daşıyıcısı olduğunu ortaya qoymuşdu. İlham Əliyev isə bu missiyanı praktik fəaliyyətlə, nəticəyönümlü idarəetmə ilə möhkəmləndirdi. Xalqın etimadı, ordunun gücü və diplomatik uğurlar bu liderliyin dayanıqlı təməl üzərində qurulduğunu sübut etdi.
Azərbaycanın inkişaf tarixini öyrənərkən aydın şəkildə görünür ki, bu yol siyasi iradə, strateji düşüncə və millətə xidmət missiyası ilə bağlıdır. Heydər Əliyevin müəyyən etdiyi strateji xətt İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə keçmiş, ölkənin sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı təmin olunmuşdur. Bu siyasi ənənə və milli liderlik modeli Azərbaycanın gələcək nəsillərinə də örnək olacaq səviyyədə möhkəm təməllər üzərində qurulmuşdur.
Nuranə DAVRINBƏYOVA,
Bakı şəhəri, Qaradağ rayonu, Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi