"Vətən səsi" xəbər verir ki, Ermənistan mətbuatı məlumat yayıb. Hazırkı hakimiyyətə müxalif mövqeyi ilə seçilən “Hraparak” qəzetində dərc olunmuş məqalədə bildirilir ki, Paşinyana qarşı birləşən ayrı-ayrı müxalif siyasi qüvvələr aktiv formada yeni bloklar yaratmağa çalışırlar. Lakin birləşmə və bloklaşma hələ ki, siyasi bəyanatlardan o tərəfə keçmir: "Sabiq liderlər Paşinyana qarşı əsas güc mərkəzinə çevrilmək və onu hakimiyyətdən uzaqlaşdırmaq üçün indidən hazırlaşmağa başlayıb. Amma nəticənin necə olacağını proqnozlaşdırmaq çətindir. Çünki yenidən hakimiyyətə gəlmək istəyən keçmiş prezidenlərin hər birinin ayrı-ayrılıqda maraqları var".
Məqalədə yeni müharibə təhlükəsindən sovuşmaq naminə davamlı sülhlə bağlı Azərbaycanın irəli sürdüyü tələblərdən yayınmağın mümkünsüzlüyün anlayan Ter-Petrosyanın da son vaxtla fəallaşdığına diqqət çəkilir: “Birinci prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyası da seçkilərə hazırlaşır. Onun komandası indi daha çox fəallaşıb. Petrosyanın komandasında keçmiş Ombudsman Arman Tatoyanla əməkdaşlıq formatı tapmaq istəyi böyükdür. Hər iki tərəf inadla bu şayiələri təkzib etsə də, format ətrafında müzakirələr gedir. Bununla belə müzakirələr o qədər də rəvan getmir, tərəflər arasında hələlik heç bir razılaşma yoxdur".
Ermənistan mətbuatı Arman Tatoyan Serj Sərkisyanın Respublika Partiyası ilə sıx əlaqədə olduğunu, birinci və üçüncü prezidentlər arasında müzakirələr getdiyini də xəbər verir. Onlar İrəvanın keçmiş meri Hayk Marutyanı da öz sıralarına cəlb etmək istəyirlər: "Amma onun yaxın ətrafından bizə bildirilib ki, Hayk qarşıdan gələn seçkilərdə ayrıca iştirak etmək niyyətindədir. Amerikada yaşayan Vardan Qukasyanın partiyasının taleyi hələ də məlum deyil".
Seçkilərdə rusiyayönlü qüvvələrdən də rəqabətədavamlı blok iştirak etmək niyyətindədir. Bu düşərgə istisna etmir ki, Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası fəallaşacaq. Mümkündür ki, Sarukyan seçkilərə blok formatında qatılsın. Edmon Marukyanın “İşıqlı Ermənistan” Partiyası da müxtəlif məsləhətləşmələr aparır. Amma onun hansı alyansda yer alacağı hələ bəlli deyil”.
Erməni mətbuatı yazır ki, hər kəsin bir-birinə çox yaxın komanda kimi təsəvvür etdiyi Robert Köçəryan və Serj Sərkisyanın hazırkı hakimiyyəti dəyişmək üçün eyni mövqedən çıxış edir və bir çox məqamlarda resursları birləşdirirlər: "Amma indi onların da arasında anlaşma yoxdur. Əksinə, seçkilər yaxınlaşdıqda sabiq prezidentlərin rəhbərlik etdiyi düşərgələr arasındakı dərin fikir ayrılıqları ortaya nçıxır. Köçəryanın Sərkisyanın Baş nazir Nikol Paşinyanın impiçmenti layihəsinə dəstək verməməsi, tərəflər arasındakı gərginliyi açıq müstəviyə keçirib. Bundan başqa, sabiqlər arasına həll edilməsi mümkün görünməyən ciddi bir problem də var: baş nazirliyə namizəd. Hər iki düşərgə namizədin onun tərəfindən olmasını istəyir. Bütün bunlar hələlik tərəflər arasında seçkilərə vahid komanda şəklində gedilməsi məsələsini çözülməsi çətin tənliyə çevirib".
Paşinyan hökumətinə qarşı sərt mövqeyi ilə tanınsa da, “Hraparak” qəzeti onun bütün rəqiblərindən üstün olduğunu da qeyd edir. Bildirilir ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiy “Vətəndaş Müqaviləsi” partiyası seçkilərə yenilənmiş komanda ilə getməyi planlaşdırır: "Paşinyan öz komandasının qələbəsini bəri başdan təmin etmək üçün Avropadan da dəstək alacaq. Baş nazir seçki siyahısını əhəmiyyətli dərəcədə dəyişəcək. Gözlənilir ki, o, bu dəfə də qərbpərəst mövqeyi ilə seçilən siyasətçiləri öz komandasına daxil etməklə qələbə qazanacaq".
Elxan SALAHOV