Bunu keçmiş millət vəkili Ceyhun Məmmədov mətbuata açıqlamasında deyib.
O, qeyd edib ki, biz artıq dəfələrlə Fransanın İslama və müsəlmanlara qarşı dözümsüz münasibətinin şahidi olmuşuq: "Bu ölkədə davamlı olaraq İslama və müsəlmanlara qarşı müxtəlif məkrli addımlar atılmış, Məhəmməd Peyğəmbərin karikaturası çəkilmiş, müsəlmanların inanclarına toxuna biləcək digər addımlar atılmışdır.
Lakin bu dəfə dünya Fransanın təkcə İslama və müsəlmanlara qarşı deyil, xristianlığa və İsa Peyğəmbərə qarşı da dözümsüz və alçaldıcı münasibətinin şahidi oldu.
Bu isə Fransanın növbəti dəfə dini dözümsüzlük nümayiş etdirərək olimpiadanı öz çirkin niyyətlərini həyata keçirmək üçün fürsətə çevirməsi anlamına gəlir".
C.Məmmədov daha sonra əlavə edib ki, Fransa təəssüf ki, eyni münasibəti Azərbaycan qarşı da sərgilədi, ölkəmizi Ermənistana qarşı təcavüzdə günahlandırmağa cəhd etdi: "Görün, dünya nə günə qalıb ki, Afrikanı dağıdan, yeraltı və yerüstü sərvətlərini talayan, azsaylı xalqların hüquqlarını pozan Fransa Azərbaycanı təcavüzdə günahlandırır. Yaxşı olardı ki, Fransa güzgüdə özünə bir baxsın və hansı günə qaldığını görsün.
Paris Olimpiadasının açılış mərasimində İsa Peyğəmbər və onun həvarilərinin hörmətdən salınması, onların o dövrdəki görüş mərasimlərinə bənzər təqdimatın hazırlanması Fransanın xristianlara qarşı təhqiramiz münasibətini açıq ortaya qoyur.
Bütün bunlarla yanaşı, Fransa burada qeyri-ənənəvi nikahları təbliğ edən nümayişkaranə davranış sərgiləyir ki, bu da əksər dünya ölkələri tərəfindən birmənalı qəbul olunmur. Bütün dünya bu məsələyə kəskin münasibət bildirməli, Fransanın bu əməlini qətiyyətlə qınamalıdır. Hətta xristian dünyası bu proseslərin önündə gəlməli, Roma-Katolik kilsəsi və digər xristian kilsələri bu məsələyə qəti şəkildə reaksiya verməlidirlər",- deyə C.Məmmədov vurğulayıb.
Tahirə AĞAMİRZƏ