ABŞ gələcəkdə Ermənistandan keçəcək nəqliyyat dəhlizlərinin Rusiyanın nəzarətində olmasını istəmir.
"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Şahan Qantaharyan deyib. O, qeyd edib ki, ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması çərçivəsində məqsədi bölgədə Rusiya faktorunun böyüməsinin qarşısını almaqdır. Vaşinqton həmçinin 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatının 9-cu bəndini dayandırmaqda, sərhədlərin delimitasiyasının yalnız Azərbaycanla Ermənistanın razılığı əsasında ikitərəfli formatda aparılmasında və Rusiya sərhədçilərinin Ermənistan ərazisindən çıxarılmasında maraqlıdır.
Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinken arasında sülh müqaviləsinə dair artan müzakirələri şərh edən erməni ekspert bildirib ki, ABŞ Cənibi Qafqaz regionunda yaranmış reallıqları nəzərə alaraq həm Azərbaycanın maraqlarını, həm də Ermənistanın təhlükəsizliyini qorumaq niyyətindədir. Onun fikrincə, Vaşinqton regionun gələcək taleyini və özünün əməkdaşlıq perspektivlərini Türkiyə ilə müəyyənləşdirmək xətti götürüb: "Ankara Moskvanın da iştirak etdiyi 3+3 formatını irəli sürsə də, Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində regional vasitəçi və ya qarant rolunu öz üzərinə götürəcək. Bu baxımdan ABŞ və Türkiyə arasında ən mühüm fərq Rusiya faktoru ilə bağlıdır. Əslində 3+3 işləmir”.
Şahan Qantaharyan əlavə edib ki, ABŞ Türkiyənin Cənubi Qafqazda regional güc olduğunu qəbul etsə də, Rusiyaya yanaşmada tərəflər arasında müəyyən fikir ayrılıqları var. O, 10 noyabr bəyanatının 9-cu bəndinin mahiyyətini şərh edərkən deyib ki, razılaşmanın bu hissəsi regional kommunikasiyalar və ya nəqliyyat dəhlizlərinin açılması ilə bağlıdır: "Həmin bəndə görə gələcəkdə Ermənistan ərazisindən keçəcək nəqliyyat dəhlizlərinə Rusiya sərhədçiləri nəzarət etməlidir. ABŞ bununla razılaşmır. Söhbət Zəngəzur dəhlizindən gedir və Vaşinqton Moskvanın regional nəqliyyat kommunikasiyaların inkişafında iştirakını qəbul etmir".
Digər erməni politolq Hayk Martirosyan isə ABŞ-ın da maraq göstərdiyi Zəngəzur dəhlizinin çox tezliklə açılacağını deyib. O, bildirib ki, bir neçə həftədən sonra Ermənistanda qida qıtlığı yaranacaq və məhz bundan sonra Zəngəzur dəhlizinin açılması zərurəti ortaya çıxacaq.
Ekspertlər bu ilin payızında Azərbaycanla Ermənistan arasında çərçivə sazişinin imzalanmasının mümkünlüyünü də xüsusi vurğulayırlar. Qeyd edilir ki, çərçivə sazişinin imzalanması Zəngəzur dəhlizinin açılmasını sürətləndirə bilər.
Elxan SALAHOV