"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan parlamentdə mediaya açıqlamasında deyib. Onun sözlərinə görə, hər iki tərəf üçün məqbul hesab olunan və sərhədlərin razılaşdırlmasında əsas rol oynayacaq hüquqi xəritələrə istinad edilməlidir.
Baş naziri Nikol Paşinyanın yol və digər infrastrukturların Ermənistan ərazisindən keçməsi üçün yenidən qurulmalı olduğu barədə bəyanatına gəlincə, erməni nazir deyib ki, sərhədlərin demilitasiyası zamanı bu tip məsələlər kompleks şəkildə razılaşdırılacaq. Onun sözlərinə görə, həmin ərazilərdə elə yerlər var ki, yollar və ya digər infrastrukturlar sərhədə kifayət qədər yaxındır: "Bəzi yerlərdə yol və kommunikasiya xətləri sərhədi keçirlər. Bu, o deməkdir ki, bəzi hissələrdə yenidən strukturlaşma məsələsi yarana bilər. Söhbət bu gün istifadədə olan yoldan gedir”.
Qnel Sanosyan bu ərazilərdə alternativ yolların salınması ilə bağlı yayılan məlumatları təkzib edib. O, Ermənistana daxil olan yollar və ya qaz kəməri marşrutunun dəyişdirilməli olub-olmaması ilə bağlı jurnalistin aydınlaşdırıcı sualına belə cavab verib: “İş aparılmalıdır ki, nəticədə aydınlaşdıraq. Biz bilməliyik ki, yalnız yol və ya qaz kəmərindən söhbət gedir, yoxsa bu, digər infrastruktura da aiddir. Bu iş hələ başlamayıb, müddət də müəyyən edilməyib”.
Erməni nazir delimitasiya prosesi aparılmadığı halda Baş nazir Nikol Paşinyanın sərhədyanı zonada yerləşən və işğalı altında saxlanılan 4 Azərbaycan kəndinin (anklav olmayan Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri) Ermənistan ərazisində yerləşmədiyi barədə tələsik açıqlamasına da münasibət bildirib. O, bildirib ki, Baş nazirin bu açıqlaması səbəbsiz deyil: “Baxmayaraq ki, iş tamamlanmayıb, ancaq müəyyən iş görülüb, ortada müəyyən xəritələr var ki, orda hər şey görünür”.
Elxan SALAHOV