Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya səfəri zamanı növbəti dəfə qalmaqallı bəyanatla çıxış edib. O, Azərbaycanı Ermənistana qarşı yeni müharibəyə hazırlaşmaqda suçlayıb.
"Vətən səsi" xəbər verir ki, Paşinyan Paris Sülh Forumunda keçirilən panel müzakirələri zamanı Ermənistanın Azərbaycanla Berüssel danışıqlarında səslənən üç prinsip əsasında sülh müqaviləsi imzalayacağına ümid etdiyini deyib. Amma eyni zamanda rəsmi Bakının ünvanına hədyanlar səsləndirən erməni baş nazir Azərbaycanı sülh sazişində maraqlı olmayan tərəf kimi təqdim etməyə səy göstərir.
Bəs, Paşinyanın sülh üçün bəyan etdiyi 3 prinsip hansılardır və həmin prinsiplər özünəd nəyi ehtiva edir?
Paşinyan Paris Sülh Forumunda bildirib ki, onun irəli sürdüyü üç prinsipdən birincisi ərazi bütövlüyü ilə bağlıdır. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanla Ermənistan 29,8 və 86,6 kvadratkilometr hüdudlarınında bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyır. İkinci prinsip odur ki, sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci ildə hər iki ölkənin təsdiqlədiyi Alma-Atı Bəyannaməsinə uyğun aparılmalıdır. Üçüncü prinsip isə regional kommunikasiyaların keçdiyi ərazilərin aid olduğu ölkələrin severenliyi, yurisdiksiyası və qanunları çərçivəsində açılmasını nəzərdə tutur.
Bununla belə, Ermənistanın baş naziri irəli sürdüyü üç prinsipdə Azərbaycana məxsus anklav ərazilərin qaytarılması məsələnin qeyd etməyi "unudub". Üstəlik, azərbaycan Ermənistana qarşı yeni müharibəyə hazırlaşmaqda ittiham edib. O, Paris Sülh Forumunda çıxışı zamanı əlavə edib ki, indi ən vacib nüans rəsmi Bakının Brüsseldə artıq razılaşdırılmış və Mişelin bəyanatlarında yer alan məsələləri bir daha təsdiq edib-etməyəcəyidir.
Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Nikol Paşinyan bununla yenidən planlaşdırılan Brüssel görüşündən öncə Bakını dilemma qarşısında qoymağa çalışır: "Yəni, Azərbaycan görüşə getməsə, sülh sazişində maraqlı olmayan tərəf kimi təqdim ediləcək. Yox, əgər rəsmi Bakı görüşdə iştirak etsə, Paşinyanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü üç prinsipi yenidən təsdiq etməlidir. Hərçənd, rəsmi Bakı üçün Brüssel formatı müharibədən sonra Qərb cəbhəsində Minsk qrupunun “dirildilməsinə” qarşı alternativ xarakteri daşıyırdı".
Ekspert deyir ki, Azərbaycan ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılığa son qoyulub və münaqişə tamamilə həll edilib. Onun sözlərinə görə, indi əsas vəzifə sərhədlərin qarşılıqlı tanınması və tərəflər arasında sülh müqaviləsi ilə bağlı şərtlərin razılaşdırılmasıdır: "Lakin sərhədlərin necə delimitasiyası edilməsi və kommunikasiyanın hansı prinsiplə açılması məsələsində Qərb masası Azərbaycanın maraqlarına tam cavab vermir. Bundan sonra məsələlərin regional müstəvidə həlli prinsipi ön plandadır".
Əslində isə Paşinyan Azərbaycanın onun irəli sürdüyü prinsiplərlə razılaşmaması və guya, yeni müharibəyə hazırlaşması barədə iddiaları qorxu deyil, növbəti hiyləsi ola bilər. Ermənistanın baş naziri heç bir əsası olmayan ittihamlar səsləndirməklə beynəlxalq aləmdə özünə dəstək axtarır. Onun əzilən, yazıq və məzlum siması Ermənistana beynəlxalq siyasi dəstək və milyonlarla pul vəd edir.
Yeri gəlmişkən, bu gün Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə növbəti görüşü başlayır. Görüşdə diplomatlar Azərbaycan-Ermənistan sülh danışıqlarını və İsrail-Fələstin münaqişəsini müzakirə edəcəklər. Toplantıda İrəvana beynəlxalq dəstəyin artırılması, hətta Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının genişləndirmək imkanları kimi məsələlər da diqqət mərkəzində olacaq.
Elxan SALAHOV