20.04.2026, 14:17
AZ EN
20.04.2026, 11:00 153

Paşinyan yenidən Baş nazir olsa, Azərbaycanla...

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də keçiriləcək parlament seçkilərində qalib gəlsə qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla Vaşinqton-Bakı-İrəvan üçlüyü arasında əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinə yönəlmiş siyasət son məqsədlərinədək davam etdiriləcək.

"Vətən səsi" bu tezislər Paşinyanın rəhbəri olduğu hakim "Vətəndaş Müqaviləsi" Partiyasının seçki proqramında yer alıb. Baş nazirin özünün açıqladığı  seçki proqramıda Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib. Paşinyanın özünün müraciəti ilə başlayan seçki proqramı Ermənistan mətbuatı vasitəsilə geniş ictimaiyyətə çatdırılıb. Müraciət Paşinyan hökumətinin 5 il əvvəl parlamentdə qəbul edilmiş 2021-2026-cı illərə dair fəaliyyət proqramında əksini tapmış sitatla başlayır.

"Əlbəttə, son vaxtlar bu hissədən dəfələrlə sitat gətirmişəm, amma seçki proqramımızın ayrılmaz hissəsi kimi onu yenidən oxumaq istəyirəm. Ermənistan və region üçün sülh yolu ilə inkişaf dövrünün açılması, 2021-ci il növbədənkənar seçkilərin nəticələri ilə xalq qarşısında hökumətin üzərinə götürdüyü ən böyük missiyadır. Əziz Ermənistan vətəndaşı, "Vətəndaş Müqaviləsi" Partiyası sizin dəstəyinizlə qarşınızda üzərinə götürdüyü ən böyük missiyanı yerinə yetirib. Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub, Ermənistan üçün sülh yolu ilə inkişaf dövrü açılıb. İyunun 7-də keçiriləcək parlament seçkilərində sizinlə birlikdə bir vəzifəmiz var: sülhü qoruyub saxlamalıyıq, o yenidir, körpədir, hələ də həssasdır, gündəlik qayğımıza ehtiyacı var. İyunun 7-də seçki məntəqəsinə gedin və “Vətəndaş Müqaviləsi” Partiyasına səs verərək sülhü qoruyun", - Nikol Paşinyan bildirib.

Partiyasının seçki proqramının ideoloji əsasında “Real Ermənistan” ideologiyasının dayandığını deyən Baş nazir vurğulayıb ki, ölkəsinin iqtisadi və institusional transformasiya doktrinası onun üçün əsas prioritet olacaq. O, hazırkı vəzifəsini daha 5 il davam etdirəcəyi təqdirdə 2026-2031-ci illəri əhatə edən proqramın bütün müddəalarını həyata keçirə biləcəyinə inandığını söyləyib.

Elxan SALAHOV

Oxşar xəbərlər