"Vətən səsi" xəbər verir ki, dünən həmin prosesin təşəbbüskarı olan parlamentin “Şərəfim var” fraksiyası bəyanatla çıxış edib. Fraksiyanın rəhbəri Hayk Mamicanyan sentyabrda həmin bəyanatla əlaqədar parlamentdə dinləmələr keçirmək niyyətində olduğunu açıqlayıb.
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın lideri olduğu “Hayastan” blokunun deputatları Baş nazir Nikol Paşinyanın impiçment edilməsinə qarşı çıxırlar. Erməni siyasətçi Edqar Qazaryan yerli mətbuata açıqlamasında bildirib ki, bu fakt sabiq prezident Robert Köçəryanın hazırı Baş nazirə qarşı iddialarından geri çəkilməsi deməkdir.
Edqar Qazaryan onu da əlavə edib ki, hazırda parlamentin 107 deputatından 99-u Baş nazirə etimadsızlıq səsi vermək istəmir. Onun sözlərinə görə, həmin deputatların 69-u hakim “Vətəndaş Müqavilə” və 28-i “Hayastan” fraksiyasının üzvüdür, 2-si isə fraksiyalardan kənardır: Ümid edək ki, yaxın günlərdə rəqəm nisbəti dəyişəcək”.
Ermənistan parlamentinin deputatı Ovik Ağazaryan isə deyib ki, Baş naziri indiki halda impiçment etmək mümkün deyil: “Müxalifətin öz təşəbbüsündə uğur qazanması çətindir. “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan parlamentə Nikol Paşinyana etimadsızlıq bəyanatı layihəsi təqdim edəcəklərini və müxalifətdə olan bütün siyasi qüvvələrlə bu mövzuda görüşlər keçirəcəklərini açıqlamışdı. Mamicanyana hörmətlə yanaşırıq, amma yekə-yekə danışmağa ehtiyac yoxdur. Təşəbbüsün reallaşması üçün hakim “Vətəndaş Müqaviləsi” Partiyasından 19 deputatın bura qoşulması mümkün deyil”.
Ağazaryan əlavə edib ki, Baş naziri impiçment etmək üçün 54 imza lazımdır: “Bunun alınıb-alınmayacağını dəqiq söyləyə bilmərəm”.
Xatırladaq ki, müxalif “Şərəfim var” fraksiyası bundan əvvəl baş nazirə qarşı etimadsızlığa dair bəyanat layihəsini parlamentə təqdim edib. Təşəbbüsün müəllifi keçmiş prezident Serj Sərkisyandır. Baş nazirə etimadsızlıq məsələsi tələb olunan 36 imza toplanacağı təqdirdə parlamentdə müzakirə oluna bilər. Təşəbbüskar “Şərəfim var” fraksiyasının 6 var. Ona dəstək verib-verməyəcəyi bəlli olmayan “Ermənistan” fraksiyası parlamentdə 28 yeri tutur. İki fraksiyanın imzaları cəmi 34 edir, məsələnin parlamentin gündəliyinə salınması üçün isə 2 imza çatışmır. Təşəbbüsün parlament tərəfindən qəbul olunması, yaxud baş nazirin impiçment edilməsi üçün isə minimum 54 deputatın səsi lazımdır. Yəni bunun üçün hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının 18 deputatının da səsi lazım olacaq. Hakim fraksiyadan təşəbbüsə dəstək verən yoxdur.
Elxan SALAHOV