"Vətən səsi" xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb. Nəşr hakim “Vətəndaş Müqaviləsi” Partiyasındakı mənbələrinə istinadən yazır ki, Paşinyan ölkədə siyasi çaynaşma yaradan keşişləri cəzalandırmaq qərarına gəlib. Belə ki, Baş nazir istisnasız olaraq bütün partiya üzvlərinə Erməni Apostol Kilsəsinin regional yeparxiyalarının rəhbərləri haqqında kompromat toplamaq tapşırıb. O, xüsusilə "Sünik" adlandırdıqları Qərbi Zəngəzur və Lori yeparxiyalarının ruhaniləri ilə bağlı üzəri örtülmüş faktların yoxlanılması və nəticələrin ictimayyətə açıqlanması barədə göstəriş verib.
Xatırladaq ki, Nikol Paşinyanla erməni kilsəsi arasındakı gərgin münasibətlər son günlər pik həddinə çatıb. Hökumət nümayəndələrinin bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb etməsindən sonra yaranmış gərginlik Ermənistanın 44 günlük müharibədə uduzmasından və separatçı rejim tərəfdarlarının antiterror tədbirləri zamanı Qarabağdan qaçmasından narazı qalan qüvvələrin hesabına genişlənib. Paşinyan və həyat yoldaşı Anna Akopyan ötən günlərdə sosial mediada kilsə xadimlərinə qarşı sərt ittihamlar irəli sürərək onları subaylıq andlarını pozmaqda və pediofiliyada ittiham edib. Baş nazir dünən sosial mediada yazmışdı ki, əgər II Qareginin subaylıq andını pozduğu və övladı olduğu ortaya çıxarsa, o, bütün ermənilərin katolikosu olmamalıdır: "Əgər məlum olsa ki, II Qaregin subaylıq andını pozub və övladı var, o, artıq bütün ermənilərin katolikosu ola bilməz. Mən bunu hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı hüququna tam hörmətlə bildirirəm, amma bütün ermənilərin katolikosunun belə şəxsi həyatı ola bilməz. Mən Erməni Apostol Kilsəsinin davamçısı kimi məsələni qaldırıram, çünki mən bunu mənəvi təhlükəsizlik məsələsi kimi görürəm, həm də Ermənistan Respublikasının baş naziri kimi deyirəm, çünki bunu dövlət təhlükəsizliyi məsələsi kimi görürəm. Eçmiədzin kilsəsi bu vəziyyətə münasibət bildirməlidir, bundan sonra məsələyə əlavə aydınlıq gətiriləcək”.
Paşinyanın bu mesajından sonra II Qaregin Eçmiədzin kilsəsində yepiskopların toplantısına dəvət olunub. Bununla belə, kilsə və katolikos Baş nazirin söylədiyi fikirlərə tutarlı cavab verilməyib.
Ermənistan baş naziri Aparatı rəhbərinin müavini Taron Çaxoyan deyib ki, Eçmiədzin kilsəsi bütün ermənilərin katolikosu II Qareginin övladı olub-olmadığını inkar etməyib: “Bunun əvəzinə, kilsə məsələlərinin kilsə qaydaları ilə həll olunduğunu bəyan edirlər, başqa sözlə, demək istəyirlər ki, bu sizin işiniz deyil, biz qərar verəcəyik. Kilsənin bir nizamı da yoxdur ki, həm Tanrıya yalandan and içir, həm də katolikos qala bilir”.
Elxan SALAHOV