17.06.2025, 07:08
AZ EN
03.06.2025, 14:33 313

Köçəryan və Sərkisyan Paşinyana yenə də uduzur

XƏBƏRLƏR
  • Ermənistan Baş naziri Nikol Paşinyan və onun hakim “Vətəndaş Müqaviləsi” Partiyası ölkədə ən populyar siyasi qüvvə olaraq qalır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Rusiyanın Ng.ru saytının ictimai rəy sorğuları əsasında yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, “Vətəndaş Müqaviləsi” 2019-cu ildə seçicilərin 35, 2021-ci ildə 22 və 2024-cü ildə isə 15 faizinin qeyd-şərtsiz dəstəyini qazanıb:

“Son 5 ildə partiyanın reytinqi demək olar ki, iki dəfə azalıb, amma baş verənləri nəzərə alsaq, bunu yenə də yaxşı nəticə hesab etmək olar. Müqayisə üçün deyək ki, müxalifət çox pis vəziyyətdədir. 2021-ci ildə (Robert Köçəryanın) “Ermənistan” bloku seçicilərin 8 faizinin dəstəyini qazansa da, 2024-cü ildə ona cəmi 4 faiz etimad göstərilib. Üçüncü yerdə təxminən 4 faizin etibar etdiyi Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyasıdır. Digər siyasi qüvvələr isə ən yaxşı halda 2-3 faizin rəğbətini qazanıb” - Rusiya saytında yayımlanan məlumatda bildirilir.

Nəşr rusiyalı politoloq Aleksandr Markarova istinadən yazır ki, “Vətəndaş Müqaviləsi” obyektiv olaraq Ermənistanda əsas siyasi qüvvədir. Müxalifət isə daha çox mənfi məsələlər konteksində ictimai həyatda mövcudluğunu göstərməyə çalışsa da, hökumətə açıq-aşkar uduzduğunun fərqindədir.

"Müxalifətin zəif və inamsız olmasının əsas səbəblərinfən biri odur ki, ayrı-ayrı siyasi qüvvələr birləşə bilmir. Paşinyanın opponentlərinin 2026-cı il parlament seçkilərində iştirak kampaniyasına başlamaq üçün çox az vaxtı qalıb. Amma “Vətəndaş Müqaviləsi”nin də 15 faizlik dəstəklə kifayətlənmək niyyəti yoxdur, onun başlanğıc mövqeləri bir qədər yaxşıdır. Proqnozlar vermək hələ tezdir, lakin gələn il Ermənistanda hakim partiyanın təsiredici koalisiya qurmaq şansı var”, - deyə rusiyalı Aleksandr Markarov əlavə edib.

Rusiyalı politoloq hesab edir ki, Ermənistan müxalifətinin ictimai rəydə Paşinyan iqtidarından böyük fərqlə geridə qalmasının əsas səbəbkarları keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın siyasi iddialarıdır. Onun fikrincə, bir çox seçici müxalifət liderləri Robert Köçəryan və Serj Sərkisyana görə müxalif partiyalara səs verməkdən imtina edir: “Erməni cəmiyyətində hələ formalaşmamış üçüncü qüvvəyə tələbat var. 2024-cü ildə arxiyepiskop Baqrat Qalstanyan bu missiyanı üzərinə götürsə də, onun başlatdığı etiraz dalğası heç nəyə gətirib çıxarmadı”.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR