Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, agentlik tərəfindən növbəti əmək yarmarkası Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zəngilan rayonunun Ağalı kəndində təşkil olunub.
14 işəgötürənin iştirakı ilə keçirilmiş yarmarkada İT üzrə mütəxəssis, aşpaz, bağ fəhləsi, qazpaylayıcı stansiyanın operatoru, qeydiyyatçı, sürücü, anbardar, gözətçi, çilingər və digər peşələr olmaqla, ümumilikdə, 103 vakansiya təqdim edilib.
Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb. Qarabağ Peşə Hazırlığı Mərkəzi yarmarkada öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə mərkəzin fəaliyyəti və həyata keçirdiyi peşə hazırlığı kursları, həmçinin müraciət qaydaları barədə məlumat verilib. (AZƏRTAC)