26.09.2025, 07:49
AZ EN
23.09.2025, 16:11 240

Laçının dirçəlişi: Daha 20 ailə doğma şəhərinə qayıtdı

ŞƏRQİ ZƏNGƏZUR
  • Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə 20 ailə (86 nəfər) köçürülüb. Bununla da Laçın şəhərində ümumilikdə 591 ailə – 2177 nəfərin, bütövlükdə Laçın rayonuna isə 956 ailə – 3602 nəfərin daimi məskunlaşması təmin olunub.

Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Köçürülən ailələrin Laçın şəhərində dövlət başçısının göstərişi ilə bərpa edilən və ya yenidən tikilən evlərdə yerləşməsi üçün bütün zəruri şərait yaradılıb. (AZƏRTAC)

Oxşar xəbərlər