"Vətən səsi" xəbər verir ki, Prezident İlham Əliyev Xocalı sakininin arzusunu nəzərə alaraq, ata evini də öz vəsaiti hesabına bərpa etməsinə razılıq verib. Söhbət zamanı Məzahir Novruzov ata evinin də hazırda dövlət tərəfindən təqdim edilən və püşkatma əsasında əldə etdiyi mənzilin yaxınlığında olduğunu bildirib. Prezident isə bildirib ki, əgər sakin özü istəsə, ata yurdunu da bərpa edib övladları üçün şərait yarada bilər: "Əgər istəsən ata evini də özün bərpa edib yaşaya bilərsən. Dövlət nə edibsə-edib, özün istəsən bərpa edib orada yerləşə bilərsiniz".
Dövlət başçısı ata evini bərpa etmək istəyən kənd sakininə müvafiq şəraitin yaradılması üçün Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubova göstəriş verib: "Özü istəsə, getsin onu da bərpa eləsin, özü də yerləşsin, uşaqları da yerləşdirsin".
Xatırladaq ki, Xocalı rayonunun Daşbulaq kəndi 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində işğaldan azad olunub. Bundan sonra kənddə sosial infrastrukturların yenidən qurulmasına başlanılıb. Kənddə elektrik, qaz xətləri, sua anbarı və subartezian quyuları bərpa olunub, transformator quraşdırılıb, mənzillərdə sayğaclaşdırma işlərinə start verilib. İndiyədək kənddə 8 kilometrə yaxın qaz xətti çəkilib, içməli su şəbəkəsi yenidən qurulub, rabitə xətlərinin layihəsi təsdiqlənib və həmin layihənin də icrası üzrə tikintiyə hazırlıq davam edir. Kənddə sosial və məişət obyektləri istifadəyə verilib, park və bayraq meydanı salınıb, daxili yollar asfaltlanıb.
Daşbulaq kəndində 195 ev var. Onlardan 39-u yararsız, 156-sı qismən yararlıdır. Erməni separatçılarından təmizləndikdən sonra kənddə 15 ev bərpa olunub, 14 ailə (72 nəfər) doğma yurduna köçürülərək dövlət vəsaiti hesabına yenidən qurulmuş mənzillərlə təmin edilib. Bu ilin sonunadək Daşbulaqda daha 58, gələn il isə 83 ev istifadəyə veriləcək.
Elxan SALAHOV