Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Tağılar kəndi Comərd kənd inzibati ərazi dairəsinə daxildir. Kəndin keçmiş adı Comərd Qaragüneyi olmuşdur. Əldə olunan məlumatlara görə yaşayış məntəqəsini Comərd adlı şəxs Qaragüney adlı ərazidə saldığına görə belə adlandırılmışdır. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Kilsəli kənd Sovetindən Qaragüney kəndi Comərd kənd Sovetinin tərkibinə verilmişdir. 29 may 2015-ci ildə Comərd kənd inzibati ərazi dairəsi tərkibindəki Qaragüney kəndi Tağılar kəndi adlandırılmışdır. Kəndin Novlu yurd, Qaratelli yurdu, Qayalıq yurdu və s. kimi yaylaqları, Sədr bulağı, Əziz bulağı, Söyüdlü bulağı, Soyuq bulaq və s. bulaqları, Qala, Novlunun meşəsi, Meşə yerin çayı, Zoğallı tap və s. məşhur yerləri var. Kənd rayon mərkəzindən şimalda, dağətəyi ərazidə yerləşir.
İsa MUSAYEV