Qubadlı rayonunun Yuxarı Mollu kənd inzibati ərazi dairəsində olan Aşağı Mollu kəndi Həkəri çayının sağ sahilindədir. Əldə olunan məlumata görə kəndi 16-17-ci əsrlərdə Cənubi Azərbaycandakı Mollu kəndindən gəlmiş ailələr salmışdır. Mol sözü türk dillərində bir çox mənalarla yanaşı "torpaq bənd, qumdaşı" mənasını da ifadə edir. Kəndin çay sahilində yerləşməsi mollu sözünün məhz bu mənası ilə bağlılığından xəbər verir. Rayon mərkəzindən 21 km cənub-şərqdə, Laçın-Məmmədbəyli şose yolundan 2 km aralı olan Mollu kəndi Qaçaq hərəkatının ən görkəmli nümayəndəsi Nəbi Alı oğlunun (Qaçaq Nəbi) doğulub boya-başa çatdığı kənddir. 18-ci əsrin sonlarında Aşağı Mollu kəndindən ayrılan ailələr Qubadlı rayonu ərazisində Yuxarı Mollu adlanan kənd salmışdır. 1993-cü ildə işğal olunan kənd 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.
İsa Musayev