Tarovlu (əsl adı Taroğludur) kəndi Qubadlı rayonunun dağətəyi ərazisində yerləşir. İqlimi mülayimdir. Rayon mərkəzindən beş, Həkəri dəmiryolu stansiyasından otuz yeddi km, Ermənistanın Zeyvə kəndi ilə bir kilometr yarım məsafədə, dəniz səviyyəsindən təxminən yeddi yüz metr yüksəklikdə yerləşir. Şimaldan Sarı yoxuşla Çardaqlı kəndi ilə üç km iki yüz metr, şimal şərqdən (Qərədə dərəsi ilə) Xudular kəndi ilə iki km üç yüz metr, şərqdən Qubadlı rayon mərkəzi ilə bir km, cənub şərqdən Dəmirçilər kəndi ilə (Qara quzey) bir kilometr yarım, cənub şərqdən Aşağı Xocamsaxlı kəndi ilə (Su daşları deyilən yer) iki km altı yüz metr sərhədə malikdir. Normadan artıq yağıntı əsasən yaz və payız aylarında müşahidə edilir. Tarovluda nəmişlik müşahidə olunmur. Payızda aran zonası ilə müqayisədə burada havalar daha da tez soyuyur. Yaz, payız və qış aylarında Kərt dağı, Kəspər yeri və Şüş dağa çiskinli duman çökür. Kiçik Qafqaz dasğlarından soyuq hava kütləsi kənd ərazisinə daxil olur. Kəndin Kəpriyal, Taxtayeri, Tirişin quzeyi ilin üç-dörd ayı don vəziyyətində qalır. Yaz aylarında intensiv şəkildə yaşan yağışlar əsasən “Qızılqaya”dan, “Ayı ölən dərəsi”ndən, “Gödəkdərə”dən, “Şüş” dağdan axan sular bəzən o qədər güclü olurdu ki, qəfil gələn sel həyətyanı sahələrin çəpərlərini, hətta əhalinin mal-qarasını da aparardı. Yaşlı nəslin dediyinə görə, Tarovlu kəndinin yaranması Taro və onun qardaşları Alo və Yalonun adı ilə bağlıdır. 1578-1590-cı illərdə baş vermiş Səfəvi-Osmanlı müharibəsi zamanı, Azərbaycanın əksər əraziləri kimi bütün Araz boyu bölgələr, o cümlədən Zəngəzur müvəqqəti olaraq Osmanlı imperiyasının əlinə keçmişdi. Osmanlı Sultanı 3-cü Muradın (1574-1595) 1579-cu il 13 aprel tarixli fərmanı ilə Diyarbəkir və Yuxarı Dəclə çayı boyundan bəzi müsəlman-kürd əhali İbrahim ağanın rəhbərliyi altında köçərək Zəngəzurda yerləşdirilir. Zaman keçdikcə köçürülən kürd nəsilləri dil və məişət yaxınlığı səbəbindən yerli müsəlman türk əhali ilə qaynayıb-qarışaraq Azərbaycan xalqının tərkibinə daxil olublar.
İndiki Ağa çayından və Şıxın bulağından ayrılan arx Xanəyə, Məşədi Abbas çalasından, Nəbiöldürən daşdan, Yal yuxarı, Bilgar, Şüş dağ ətəyindən, Əhmədalı yalından keçərək Ərik ağacı, Göydöş, Ağbellər, Haça və Korjalanlı kəndlərinə axırdı. Bu arx əkinçiliyin və heyvandarlığın inkişafında mühüm rol oynayırdı. Kəndin hər tərəfi sıx meşə ilə əhatə olunmuşdu. Meşədə palıd, vələs, vən, ağcaqayın, ağacları ilə bərabər meyvə ağacları zoğal, əzgil, armud, alma, qaragilənin hər növü, şillan, meşə və biçənək, böyürtkən kolları ilə zəngindir. Kənd ərazisi cəviz, ağ tut, gilas və digər meyvə ayacları ilə zəngin idi. Kəndin bir neçə sahəsində nadir ağaclardan saqqız ağacı, dağdağan, zinc ağacı, tubulğan kolu, qara yovşan və ağyarpaqlı daş armudu və s.
Tarovluların əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq idi. İndiki Ermənistan ərazisində Zəngəzur dağları ətəyində olan Qanbeldə, Ağadərəsində sonralar isə Sofulu yaşayış məntəqəsi də Tarovlu yurdları olmuşdur.
Zaman-zaman kənd formalaşdıqca adsız ərazilərə müxtəlif rəvayərlər ilə bağlı olan ata-babalarımızın yer adları verilmişdir. Su daşları, Kəmərlər, Xoruzpipiyi, Qarameşə,Xeyrat çəvizi, çayzəmi, Vəlidüzü, Yolarası, Darıyeri, İbişin yeri və s.
Kərbəlayı Məhəmməd ocağı tarovluların inanc yeri olmuşdur. Burada qurbanlar kəsər, nəzir qoyar, niyyət edərdilər. İnanc yerinin yanında su quyusu vardı, bu quyunun suyu heç qurumurdu.
İşğal dövründə kənd qəbristanlığı və tarixi abidələr dağıdılmış, talan olmuşdur. Kəndin tanınmış ziyalılarından Edil Eyvazov fizik, Rauf Şahbazov Amerika Tibb Assosiasiyasının rəhbəri və digər tanınmış ziyalılarımızın ölkəmizin inkişafında böyük rolu olmuşdur.
Tarixçilərin, elm adamlarının araya-ərsəyə gətirdikləri kitablarda da Torovlu kəndinin qədim türklərə məxsus olduğu qeyd edilir.
Hazırladı: Tahirə AĞAMİRZƏ