Şərqi Zəngəzur tarixi-arxeoloji abidələrlə zəngindir. Bu bölgənin bütün ərazisində, xüsusilə Araz çayı, Həkəri çayı və mənbəyini Dəlidağdan götürən Tərtər çayı vadilərində qədim tarixin müxtəlif mərhələlərinə aid abidələr aşkar edilmişdir. Bunlar qədim yaşayış yerləri, qəbir abidələri, qayaüstü təsvirlər, körpülər, məbədlər və s. tarixi abidələrdir. 1976-cı ildə arxeoloq Qüdrət İsmayılzadə Kəlbəcər rayonu ərazisində, Dəlidağın yamaclarında Tunc dövrünə aid qayaüstü təsvirlər aşkar etmişdir. Rəsmlər dəniz səviyyəsindən 3000 m yüksəklikdə yerləşən Zalxagöl, Qaragöl sahillərində, Ayı çınqılı, Pəri çınqılı,Taxta adlanan sahələrdə cəmləşmişdir. Bunlar insanların, müxtəlif heyvanların, öküzlərin qoşulduğu arabaların və s. rəsmləridir. Burada həmçinin dağ keçiləri və maralların ovlanması səhnələrinə də rast gəlinir. Eramızdan əvvəl III minilliyin başlanğıcına aid dairəvi planlı kompakt yaşayış yerinin qalıqları aşkar edilmişdir. Bütün bu qayaüstü təsvirlər, yaşayış yerinin qalıqları hələ 5 min il əvvəl bu yüksək dağlıq ərazilərin məskunlaşdığını sübut edir.
İsa Musayev