Bu, Xankəndidə keçirilən sayca 9-cu yarmarkadır.
Yarmarkanın əsas məqsədi bayram günlərində sakinlərin münasib qiymətlərlə təbii, yerli kənd təsərrüfatı məhsullarını əldə etməsinə yardımçı olmaq, eyni zamanda yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onlara alternativ satış imkanı yaratmaqdır.
"Aqrar Tədarük və Təchizat"ın İdarə Heyətinin üzvü Faiq Hüseynov bildirib ki, yarmarkada fermerlər tərəfindən 40 müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları satışa çıxarılıb: "Ümumilikdə "Aqrar Tədarük və Təchizat" 12 məntəqədə Novruz yarmarkaları təşkil edib. İşğaldan azad olunmuş ərazilər yarmarkaların coğrafiyasının genişləndirilməsi zamanı diqqət mərkəzində saxlanılır".
O qeyd edib ki, Cəbrayıl rayonunun Horovlu və Zəngilan rayonunun Ağalı kəndlərində də ilk dəfə olaraq "Kənddən Şəhərə" Novruz yarmarkası keçiriləcək: "Cəbrayılda martin 16-sı, Zəngilanda isə martin 17-si bayram yarmarkası fəaliyyət göstərəcək". (Report)