Erməni politoloq: “Əlbəttə, həll yolu tapmaq şansı o qədər də yüksək deyildi, çünki “Artsax” tanınmamış respublikadır və beynəlxalq əlaqələri yoxdur”
“Vətən səsi” xəbər verir ki, bunu Ermənistandakı “News.am” saytının müxbirinə müsahibəsində politoloq Qarik Keryan deyib. Onun sözlərinə görə, qondarma rejimin “prezidenti” Araik Arutyunyan və “hökuməti” problemlərin həllini tapa bilmədi: “Əlbəttə, həll yolu tapmaq şansı o qədər də yüksək deyildi, çünki “Artsax” tanınmamış respublikadır və beynəlxalq əlaqələri yoxdur, lakin biz aktiv axtarışları da görmədik, Arutyunyan inert idi”.
Politoloq əlavə edib ki, tarixən Dağlıq Qarabağda siyasi əhval-ruhiyyə rusiyapərəst olub: “Ermənistanın Brüssel və Amerika platformalarında apardığı danışıqlar Dağlıq Qarabağda həmişə çaşqınlıqla qarşılanıb. Onların bəyanatlarının kontekstinə görə, Dağlıq Qarabağda Ermənistanın Rusiya ilə danışıqlarda həll yolunu tapmasına üstünlük vermələri nəzərə çarpırdı”.
Xatırladaq ki, separatçıların başçısı Araik Arutyunyan aylardır davam edən “humanitar böhran” kampaniyasının uğursuzluğa düçar olmasından sonra dünən qondarma “Artsax Respublikası”nın “prezidenti” vəzifəsindən istefa verdiyini bəyan edib. Bundan əvvəl o, qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyanı da vəzifədən azad edib. Hazırda Rusiya sülhməramlı kontingentin müvəqqəti nəzarət zonası aid Qarabağ bölgəsində separatçılara rəhbərlik müvəqqəti olaraq qondarma “Təhlükəsizlik Şurasının katibi” Samvel Şahramanyanın nəzarətinə keçib.
Arutyunyan istefasından iki gün əvvəl Qarabağ bölgəsindədə yaratdığı fermer təsərrüfatını ləğv edərək mal-qoyununun əksəriyyətini satıb, yerdə qalanları isə Ermənistana köçürüb. O, həmçinin Xankəndində özünün himayəsi altında fəaliyyət göstərən topdansatış bazarının bağlanacağını da elan edib.
Elxan SALAHOV