Qeyd edilir ki, Bərdə-Ağdam dəmir yol xəttinin təmir-bərpası üzrə layihəsi uğurla başa çatdırılıb. Hər həftənin şənbə günü Bakıdan və Ağdamdan qatarlar hərəkətdədir. Getdikcə, tələbat artdıqca bu istiqamətdə işlər daha da genişləndiriləcək.
Bərdə-Ağdam dəmir yolunun davamı isə Ağdam-Xankəndi dəmir yoluna birləşir. Xankəndi dəmir yolu və avtovağzal ərazisində iki dəmir yolu platformasının, 12 avtobus dayanacağının inşası nəzərdə tutulub. Dəmir yolu xəttinin ümumi uzunluğu 28 km-dir. Layihə çərçivəsində Xocalı və Əsgəran stansiyalarının da inşası nəzərdə tutulub.
Burada dəmir yolu yeni siyasi reallıqlar fonunda iqtisadiyyatımızın inkişafına, həm də loqistik potensial üçün hesablanıb.
İqtisadçı Fuad İbrahimov bildirir ki, biz Ağdam-Bərdə-Yevlax qovşağına qoşulmaqla istər şimal istiqamətində, istərsə də qərb istiqamətində hərəkətimizi təmin etmiş oluruq.
İşğaldan azad olunmuş ərazilərdə dəmir yolu xətlərinin inşası baxımından ən kritik və dinamik zona Horadiz-Ağbənd dəmir yolu hesab olunur. Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu gələcəkdə Zəngəzurdan keçərək Naxçıvana, oradan da Türkiyə ilə Avropaya birbaşa çıxışı təmin edəcək.
Tikinti meneceri Cavad Əlövsətov hazırda dəmir yolunun tikintisi ilə bağlı müəyyən işlərdən danışdı. Yolun bir hissənin Araz çayına daha yaxın yerləşdiyinə görə burada torpaq yatağını daşqından qorumaq məqsədilə yamac bərkitmə işləri görülür. Bu istiqamətdə artıq xeyli işlər görülüb. İşçi qatarları Həkəri stansiyasına qədər rahat hərəkət edə bilirlər.
Mütəxəsis bildirir ki, Horadiz-Ağbənd dəmir yolu xətti işğaldan azad olunmuş ərazilərdən keçdiyinə görə onun layihələndirilməsində çətinliklərdən biri ərazilərin minalanmış olması idi. Digər çətinlik isə dəmir yol yatağı Xudafərin hidroqovşağına yaxın keçdiyinə görə olmuşdu ki, suyun maksimal qalxmasından qorunmaq məqsədilə bəzi hissələrdə iş çətin dağlıq relyeflərdə həyata keçirilib, burada çoxlu sayda mühəndis qurğuları və qoruyucu tədbirlər görülüb.
Horadiz-Ağbənd dəmir yolunun ox üzrə uzunluğu 110,4 km-dir. Onun yan yollarla birlikdə uzunluğu isə 140,6 km-dir. Layihə 3 mərhələdə icra olunur. Birinci və ikinci mərhələ üzrə işlərin böyük hissəsi tamamlanıb. Artıq dəmir yolu vasitəsilə Araz iqtisadi zonası Sənaye parkına yüklərin daşınması həyata keçirilir. 3-cü mərhələ isə mühəndis qurğuları, torpaq işləri, o cümlədən, 3 ədəd tunel, 2 qalereyanın tikintisi aparılır. Ümumilikdə, layihə çərçivəsində 40 körpü, 9 stansiya, 22 avtomobil keçidi, 4 tunel, 3 qalereya və 600-ə yaxın mühəndis qurğusunun tikintisi nəzərdə tutulur.
Azərbaycanın ən uzun tuneli də buradadır. Uzunluğu 1071 metr olan bu tunel Horadiz- Ağbənd dəmir yolu üçün nəzərdə tutulan 4 tuneldən biridir. Tunellərin tikintisində türkiyəli mütəxəsislər də çalışır.
Yolun qısa olması, zaman aspekti, daha sərfəli qiymətə başa gəlməsinə müsbət təsiri baxımından orta dəhliz ən əlverişli yol hesab olunur.
Fuad İbrahimli qeyd edir ki, orta dəhliz bütün ticarət dövriyyələri üçün ən əlverişli dəhlizdi.
Azərbaycan üçün həm strateji, həm də iqtisadi əhəmiyyət daşıyan Horadiz-Ağbənd dəmir yolu Zəngəzur dəhlizinin tərkib hissəsidi. Bu dəmir yolu işğaldan azad edilmiş ərazilərə həm vətəndaşların gediş-gəlişi, həm də yüklərin daşınmasında böyük əhəmiyyət daşıyacaq. Ən əsası isə türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşir.
Hazırladı: Mina RƏŞİD