Qazaxıstan Füzulidə Yaradıcılıq Mərkəzi, Özbəkistan isə məktəb tikir
“Vətən səsi” xəbər verir ki, bunu Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib: “Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik”.
Dövlət başçısı əlavə edib ki, iki məktəb istisna olmaqla, bütün infrastruktur, inşaat işləri Azərbaycan büdcəsi hesabına həyata keçirilir və Azərbaycan dövlət şirkətləri tərəfindən reallaşdırılır.
Bəs, hazırda Qarabağda inşa olunan iki təhsil ocağının tikintisi hansı mənbələr hesabına inşa edilir?
Dövlət başçısının söylədiyi hər iki təhsil ocağı işğaldan azad edilmiş Füzili şəhərində inşa edilir. Bunlardan biri Qazaxıstan Respublikası tərəfindən inşa olunan Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi, digəri isə qardaş Özbəkistan hökumətinin hədiyyə etdiyi 960 yerlik məktəbdir. Artıq hər iki məktəb binasının tikintisinə nəinki başlanıb, hətta tamamlanmaq üzrədir.
Bu il martın 7-də təməli qoyulmuş Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin tikintisi “Bİ-Group” şirkəti tərəfindən həyata keçirilir. Layihəyə əsasən, incəsənət məktəbi Füzuli şəhərində ümumi sahəsi 1,5 hektar ərazidə inşa olunur. Tikili sahəsi 2708 kvadratmetr, ikimərtəbəli binadan ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla növbəli şəkildə 600 nəfər şagird təhsil ala biləcək. Burada şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltaraşlıq və zərgərlik sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn təlimləri üzrə tədrisin təşkili planlaşdırılır. İncəsənət məktəbinin layihəsi üzrə tikinti işlərinə Azərbaycan və Qazaxıstan nümayəndə heyətlərinin yer aldığı işçi qrup nəzarət edir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə bu ölkənin dövlət büdcəsindən ayrılmış vəsait hesabına Füzuli şəhərində tikilən 960 şagird yerlik məktəb binasının isə inşasına ötən ilin payızından başlanıb. Üç hektar ərazidə inşa edilən məktəb kompleksi zirzəmisi olan ikimərtəbəli binadan ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və tədbirlər üçün yerlər, qaçış zolaqları, qazanxana, kiçik su anbarı, transformator yarımstansiyası inşa edilir.
İşlər yüksək keyfiyyətlə, tikinti normalarına uyğun şəkildə aparılır. Binanın tikintisinin 2023-cü ilin avqust ayında yekunlaşdırılması nəzərdə tutulur. Açılış mərasimində Özbəkistan prezidentinin də iştirak edəcəyi gözlənilir.
Həm Qazaxıstan, həm də Özbəkistan liderləri Azərbaycanın işğaldan azad olunmuş rayonlarının birində məktəb tikmək niyyətini hələ 44 günlük müharibədən az sonra - 2021-ci ilin noyabrında İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə bəyan etmişdilər. Prezidenti İlham Əliyev isə hər iki dost və qardaş ölkənin rəhbərinə işğaldan azad edilmiş bölgədə təhsil ocağı inşa etmək təşəbbüsünü xalqlarımız arasında həmrəyliyin, dostluğun və qardaşlığın növbəti təzahürü kimi dəyərləndirmişdi.
Xatırladaq ki, Prezident İlham Əliyevin 16 noyabr 2022-ci ildə sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda məktəblərin tikintisinə ümimi nəzarət Elm və Təhsil Nazirliyinə həvalə edilib. Dövlət Proqreamının 2.4.1. maddəsinə əsasən, nazirlik həm də əhalinin geri qayıdışına əsaslanaraq 2022-2026-cı illərdə mərhələli şəkildə ümumi və məktəbəqədər təhsil müəssisələrinin tikintisi və bərpası işləri tapşırılıb. Nazirlik həmin müddətdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları, Prezidentinin Xüsusi Nümayəndəlikləri ilə birlikdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflər hazırlamalıdır. Göstərilən dövrdə Şuşada 7, Ağdamda 29, Füzulidə 23, Zəngilanda 21, Kəlbəcərdə 30, Laçında 21, Qubadlıda 16, Cəbrayılda 25, Xocavənddə 20, Tərtərdə (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsi tikilməlidir.
Elxan SALAHOV