Milli Məclisin deputatı Ceyhun Məmmədovla söhbətimiz də məhz Konstitusiyanın mahiyyəti, onun müasir dövrdə rolu və hüquqi cəmiyyət quruculuğundakı əhəmiyyəti mövzusuna həsr olunub.
-Bəli, Azərbaycan Konstitusiyası xalqın iradəsinin təcəssümüdür. Bu, dövlətin əsas qanunu olaraq xalqın suverenliyini və hakimiyyətinin mənbəyini təsbit edir.
Konstitusiya, Azərbaycan xalqının öz müqəddəratını təyin etmək hüququnu, dövlətin əsas prinsiplərini, hakimiyyət orqanlarının səlahiyyətlərini və vətəndaşların hüquq və azadlıqlarını müəyyən edir.
Xüsusilə, Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Bu fakt, onun xalqın iradəsinin birbaşa təzahürü olduğunu göstərir.
Konstitusiya, həmçinin, xalqın dövlət idarəçiliyində iştirakını təmin edən müxtəlif mexanizmlər (seçkilər, referendumlar, ictimai müzakirələr və s.) müəyyən edir ki, bu da onun xalq iradəsinin ifadəsi olduğunu bir daha təsdiqləyir.
-2025-ci il xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin iki mühüm zirvəsinin - 1995-ci ildə qəbul edilmiş Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 30 illik yubileyinin və Vətən müharibəsindəki tarixi Qələbəmizin 5 illiyinin - eyni vaxta təsadüf etməsi əlamətdar oldu.
-Bəli, bu iki möhtəşəm hadisə, millətimizin azadlıq eşqini və qürurunu simvolizə edərək bizi keçmişin sərt sınaqlarından gələcəyin işıqlı zirvələrinə doğru aparır. Bu, hər bir azərbaycanlının qəlbində vətənpərvərlik hissini daha da alovlandırır, bizi bir millət olaraq daha sıx birləşdirir.
Konstitusiya aktı azadlığın qarantı, dövlətçiliyin ruhunu yaşadan müqəddəs sənəddir. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin ilk illərinin çətin və keşməkeşli dövründə dövlət quruculuğunun təməl daşı oldu. Bu fundamental hüquqi sənəd sadəcə qanunlar toplusu yox, əsrlər boyu xalqımızın azadlıq ruhunun, milli kimliyimizin və gələcək inkişaf hədəflərimizin parlaq əksidir. Konstitusiya hər bir vətəndaşın hüquq və azadlıqlarını qoruyaraq, dövlət idarəçiliyinin ədalətli və şəffaf prinsiplərini təmin edir. Bu, hər bir azərbaycanlının sabaha olan inamının möhkəm bir bünövrəsini yaradaraq ölkəmizin gələcək inkişafının əsasını qoyur. Konstitusiya vətəndaşların dövlət qarşısındakı mənəvi məsuliyyətini də özündə ehtiva edir. Hər bir azərbaycanlı öz hüquqlarını qorumaqla yanaşı, dövlətin qanunlarına, onun ali dəyərlərinə sonsuz hörmət bəsləməli, ölkənin inkişafına öz dəyərli töhfəsini verməlidir. Bu, hər birimizin gələcəyinin və ölkəmizin firavanlığının qarantıdır. Konstitusiya dövlətin əsas vəzifələrini müəyyən edərək vətəndaşların hüquqlarını qorumağı və ölkənin davamlı inkişafını təmin edir.
-Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Azərbaycan xalqının yenilməzliyinin, milli iradəsinin və özünəinamının əbədi himnidir, desək, yanılmarıq.
-Əlbəttə ki, bu tarixi Zəfər işğal altında olan torpaqlarımızın azad edilməsi ilə yanaşı, xalqımızın birlik və həmrəyliyini öz suverenliyinə olan sarsılmaz inamını bütün dünyaya bir daha bəyan etdiyi şanlı hadisədir. Suverenlik əsrlər boyu ruhumuzda yaşayan azadlıq, milli kimliyimizin ayrılmaz hissəsidir. Bu, eyni zamanda öz torpaqlarımızın sahibi olduğumuzu qürurla dünyaya bəyan etməkdir.
Vətən müharibəsində qazanılan parlaq qələbə Azərbaycanın beynəlxalq arenada müstəqil siyasət yürütmək, öz milli maraqlarını qorumaq və dünya birliyində öz layiqli yerini tutmaq hüququnu bir daha qətiyyətlə təsdiq etdi. Qarabağ Zəfəri, ölkəmizin beynəlxalq nüfuzunu artırdı, xalqımızın əyilməz iradəsini bütün dünyaya nümayiş etdirdi.
Söhbətləşdi: Tahirə AĞAMİRZƏ