17.06.2025, 00:45
AZ EN
26.05.2025, 15:35 433

Teatr Xadimləri İttifaqı gənclərə hər zaman dəstək göstərib...

YAZILAR
  • Ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Uşaqlarda və yeniyetmələrdə milli dövlətçiliyimizə, dəyərlərimizə  məhəbbət, qanunlarımıza hörmət hissinin fomalaşdırılması həmişə vacib və aktual məsələlərdən olub. Bu işdə təbliğat xüsusi yer tutur və hər bir ziyalının üzərinə müəyyən məsuliyyət düşür. Mövzu ilə bağlı Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi, mədəniyyətşünas Aida xanım Qafarova ilə söhbətimizi “Vətən səsi”nin oxucularına təqdim edirik.  

-Aida xanım, Teatr Xadimləri İttifaqı hansı zərurətdən yaranıb və onun əsas iş prinsipləri hansılardır?

-Qafqazın ən qocaman yaradıcılıq təşkilatlarından biri olan Azərbaycan Teatr Xadimləri İttifaqı zəngin tarixə malikdir. Qurum milli teatrdan 24 il sonra - 1897-ci ildə «Artistlər İttifaqı» adı ilə yaranıb. Bu barədə Qulam Məmmədlinin "Azərbaycan teatrının salnaməsi. 1850-1920" kitabında da (səh.82) məlumat verilib. Qeyd olunub ki, "Novoye obozreniye" qəzeti (12 noyabr 1897-ci il) yazır: "Bakıda ilk dəfə Artistlər İttifaqı təşkil edilmiş və bu İttifaq 300-dək artist və səhnə həvəskarını əhatə etmişdir. Üzvlük haqqı ildə 6 manat təşkil etmişdir".

Yarandığı vaxtda İttifaqa Azərbaycan səhnə ustaları ilə bərabər o zamanlar Bakıda fəaliyyət göstərən əcnəbi aktyorlar da üzv olublar.

1917-ci ildən «Müsəlman Artistləri İttifaqı», 1920-ci ildən «Türk Aktyorlar İttifaqı», 1945-ci ildən «Azərbaycan Teatr Cəmiyyəti» kimi fəaliyyətini davam etdirən birlik 1987-ci il 27 fevral tarixli təsis Konfransının qərarı ilə Azərbaycan Teatr Xadimləri İttifaqı adlandırılıb.

Qurumun yaranmasında əsas məqsəd teatr sənətçilərini vahid bir fikir, bir məqsəd, bir amal altında birləşdirmək, onların hüquqlarını müdafiə etmək olub. Sonralar fəaliyyətini zamanın tələbləri çərçivəsində quran, dövlətçilik ideyalarının təbliğinə xidmət edən, gənclərə diqqət və qayğı göstərən, beynəlxalq arenada Azərbaycanın təmsil olunması üçün çalışan İttifaqımız bu gün də öz missiyasını uğurla davam etdirir və ölkənin ən fəal yaradıcılıq təşkilatlarından biridir.

Hazırda Azərbaycan Teatr Xadimləri İttifaqı öz Nizamnaməsinə əsaslanaraq, milli teatr prosesinin daha da fəallaşmasına yaradıcı təsir göstərən layihələrin həyata keçirilməsi, mədəniyyətlə bağlı dövlət qurumları, yaradıcılıq birlikləri, elm və təhsil ocaqları ilə mövcud qanunvericilik əsasında əlaqələr, beynəlxalq əlaqələr, gənclərlə iş, yubileylərin, anım günlərinin keçirilməsi, vəfat etmiş ustad sənətkarların adlarının əbədiləşdirilməsi, böyük və kiçik səhnələrdə tamaşalar hazırlanması, İttifaqın sələfi olmuş Azərbaycan Teatr Cəmiyyətinin əsas fəaliyyət istiqamətlərindən biri olan nəşriyyat işinin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

- Bildiyiniz kimi, ölkə başçısının Sərəncamı ilə bu il “Konstitusiya və Suverenlik İli” elan olunub. Yəqin İttifaq bununla bağlı müəyyən işlər görüb və yeni layihələr də həyata keçirəcək. Həmin tədbirlərlə, planlarla bağlı məlumat verməyinizi istərdik.

-Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib.

Teatr Xadimləri İttifaqı dövlətimizin tarixində böyük əhəmiyyəti olan əlamətdar tarixləri hər zaman qeyd edib. “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş tədbirlərin keçirilməsi istiqamətində də işlər görülüb. Növbəti teatr mövsümündə bu tədbirlər həyata keçiriləcək. Böyük məmnuniyyətlə, Sizi və digər mətbuat nümayəndələrini həmin tədbirlərə dəvət edəcəyik.

-İttifaqın Şanlı Zəfərimizin 4-cü ildönümü ilə bağlı keçirdiyi “Zəfərimiz-Şərəfimiz” adlı bədii qiraət müsabiqəsinin iştirakçısı kimi, müşahidə etdim ki, burada gənclərə, xüsusilə onların istedadlı nümayəndələrinə böyük həssaslıqla yanaşırsınız. İttifaqın sədri Hacı İsmayılovun gənc nəslə necə gözəl münasibət bəslədiyinin şahidi oldum...

-Teatr Xadimləri İttifaqı gənclərə hər zaman dəstək göstərib, onların yaradıcı potensialının üzə çıxmasına, beynəlxalq tədbirlərə qatılmasına şərait yaradıb. Uzun müddətdir ki, İttifaqda gənclərin yaradıcılığına təkan verən bir neçə laboratoriya fəaliyyət göstərir. Hər il bu laboratoriyalarda məşğul olan gənclərin işlərindən ibarət “Baxış” festivalı keçirilir. Festivalda iştirakçılara diplom, sertifikat və təşəkkürnamələr təqdim olunur. Bu da onlarda yaradıcı stimulun artmasına səbəb olur. Gənclər üçün təşkil olunan tədbirlərin sırasında bədii qiraət müsabiqələrinin də böyük əhəmiyyəti var. Hər il Zəfər günü ərəfəsində, dahi şairlərimizin yubileyləri ərəfəsində belə müsabiqələr keçirilir. Siz də 2024-cü ildə Zəfər günü ilə bağlı keçirilən “Zəfərimiz – Şərəfimiz” bədii qiraət müsabiqəsində Şanlı Zəfərimizə həsr olunmuş müəllif şeirinizlə çıxış edib, nominasiya üzrə mükafatlandırılmısınız. 

-Mükafata, ümumiyyətlə, müsabiqə iştirakçılarına göstərdiyiniz səmimi münasibətə, diqqətə, qayğıya görə Sizə bir daha təşəkkür edirəm... Yaxşı bilirsiniz ki, uşaq və gənclərimizin dövlətçiliyə məhəbbət, qanunlara hörmət, milli-mənəvi dəyərlərimizə sayğı ilə yanaşmasında incəsənət xadimlərinin, ziyalılarımızın rolu böyükdür...

-Bəli. Amma bu, ilk növbədə ailədən başlamalıdır. Vətən, Dövlət sevgisi, milli dəyərlərə hörmət ilk növbədə hər bir valideyn tərəfindən öz övladına təbliğ olunmalıdır. Və təbii ki, böyüdükcə məktəb, kitablar, teatr, kino və digər vasitələr... Bu işdə ədəbiyyat və incəsənət xadimlərimizin də böyük rolu var. Vətənpərvərliyi, mənəvi dəyərlərin qorunmasını, qanunların aliliyini təbliğ edən əsərlər gənc nəslin sağlam ruhda yetişməsinə əhəmiyyətli təsir göstərir. Bu gün teatrlarımızda vətənpərvərlik ruhunda olan, 44 günlük Vətən müharibəsində yaşananları, tarixi qələbəmizə gedən yolu əks etdirən tamaşaların hazırlanması istiqamətində iş aparılır ki, bu da gənclərimizin milli ruhunun zənginləşməsinə xidmət edir.

-Bir ziyalı kimi, Sizcə, kiçik yaşlarından övladlarımıza, qalib ölkənin vətəndaşları kimi vətənpərvərlik hissi necə aşılanmalıdır? 

-Qalib ölkənin vətəndaşı olmaq hər birimiz üçün böyük qürur və eyni zamanda böyük məsuliyyətdir. İlk növbədə biz övladlarımıza bu məsuliyyəti aşılamalıyıq. Bu gün hər birimiz “Qalib Azərbaycan” ifadəsini fəxarət hissi ilə dilimizə gətiririk. Bu qalibiyyəti Ali Baş Komandanımız cənab İlham Əliyevə, qüdrətli Ordumuza, şəhid və qazilərimizə borcluyuq. Prezidentimizin müdrik siyasəti sayəsində və Azərbaycan gəncliyinin qanı, canı bahasına qazandığımız bu qələbə gələcək nəsillərə qiymətli bir miras kimi ötürülür. Bu günün “uşaq”ları bizdən bu qələbəni göz bəbəyi kimi qorumağı və özündən sonrakı nəsillərə ötürməyi öyrənməlidirlər. Bunun üçün isə onlara yalnız sağlam düşüncəyə, sağlam mənəviyyata, yüksək intellektə malik olmaq kimi keyfiyyətlər aşılanmalıdır.

- Gənc nəslə nələri demək istərdiniz?

-Sağlam ruhlu, sağlam, düşüncəli olsunlar... Mənəvi cəhətdən zənginləşsinlər... Vətəni sevsinlər… Torpağı sevsinlər… Dövləti sevsinlər… Elm öyrənməkdən yorulmasınlar… Gəncliyin inkişafı üçün bu gün ölkəmizdə hər cür şərait var. Onlara yaradılan bu şəraitdən düzgün istifadə etsinlər.

-İttifaqın beynəlxalq əlaqələri ilə bağlı nə deyə bilərsiniz?

-İttifaqın beynəlxalq əlaqələr sahəsində uğurlu işləri çoxdur. Əsasən gənclərlə bağlı layihələrin həyata keçirilməsinə üstünlük veririk.

Teatr Xadimləri İttifaqı dünyanın nüfuzlu teatr qurumlarının: UNESKO-nun Beynəlxalq Teatr İnstitutunun və Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının həqiqi üzvüdür. İttifaqda UNESKO-nun Beynəlxalq Teatr İnstitutunun Azərbaycan Milli Mərkəzi yerləşir.

İttifaq Gürcüstan Teatr Cəmiyyəti ilə mədəni əlaqələrin inkişaf etdirilməsi haqqında memorandum imzalayıb. Memorandum çərçivəsində Sumqayıt Dövlət Dram Teatrı ilə Kutaisi Dövlət Professional Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı ilə Ozurgeti Dövlət Dram Teatrı arasında qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanıb. Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştirak edən İttifaqımızın xətti ilə mütəmadi olaraq istedadlı gənclər beynəlxalq forumlara, festivallara və digər toplantılara göndərilir.

Konfederasiyaya daxil olan ölkələrin İttifaq sədrlərirnin iclaslarında, Beynəlxalq Çexov Festivalında, MDB, Baltikyanı ölkələr və Gürcüstan Gənclərinin forumlarında və keçirilən digər beynəlxalq tədbirlərdə iştirak edən Azərbaycan Teatr Xadimləri İttifaqında gələcəkdə də beynəlxalq qarşılıqlı əməkdaşlığın inkişafına yönələn tədbirlərin həyata keçirilməsi istiqamətində iş aparılır.

-Azad olunmuş topaqlarımıza səfəriniz olurmu, Sizcə, bir teatr, incəsənət xadiminin böyük quruculuq işlərimizə töhfəsi nə olardı? 

-Bəli, İttifaqın nümayəndələri doğma Qarabağımızda keçirilən bütün tədbirlərdə böyük məmnuniyyətlə iştirak edirlər. Bu ilin sonuna qədər azad olunmuş torpaqlarımıza daha bir səfərimiz olacaq. Bildiyiniz kimi, 2024-cü ildən başlayaraq İttifaqın İdarə heyətinin bölgələrdə səyyar iclasları keçirilir. İclaslardan birini yaxın zamanda Qarabağda keçirməyi planlaşdırırıq.

İncəsənət adamının böyük quruculuq işlərinə ən böyük töhfəsi isə, təbii ki, yaradıcılıq nümunələridir. Bir qədər əvvəl “Qalib ölkənin vətəndaşları” ifadəsini işlətdik. Bu, həm də yaradıcı sahələrə öz təsirini göstərir. Ədəbiyyat, poeziya, musiqi, rəssamlıq və əlbəttə ki, teatr və kino. Ədəbiyyat və incəsənət xadimlərimiz bizim tarixi qələbəmizi, bu qələbəyə gedən yolu əks etdirəcək fundamental sənət nümunələrini bundan sonra da böyük ilhamla yaradacaqlar.

-Maraqlı müsahibəyə görə çox təşəkkür edirik!

Mən təşəkkür edirəm. Sizi və bütün Azərbaycan xalqını Müstəqillik günü münasibəti ilə təbrik edirəm. Hər zaman sağlam, müstəqil və xoşbəxt olaq. Bayramımız mübarək!

Söhbətləşdi: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR