27.04.2026, 10:57
AZ EN
27.04.2026, 09:22 71

Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlıq genişlənməkdədir

YAZILAR
  • Müasir ictimai-siyasi reallıqlar fonunda Azərbaycanın xarici siyasətinin praqmatik, balanslı və milli maraqlara əsaslanan xətt üzrə ardıcıl və uğurla inkişaf etdiyini desək, yanılmarıq. Son dövrlərdə baş verən mühüm beynəlxalq hadisələr fonunda Rusiya ilə iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyması, Latviya və Ukrayna prezidentlərinin Azərbaycana səfərləri ölkəmizin artan geosiyasi əhəmiyyətini və etibarlı tərəfdaş imicini bir daha təsdiqləyir.

Azərbaycan–Ukrayna münasibətləri 2008-ci ildə Kiyevdə, 2011-ci ildə isə Bakıda imzalanmış strateji tərəfdaşlığa dair sənədlərlə daha da güclənib. Bu sənədlər ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanıdığını bir daha təsdiq edir. Eyni zamanda, beynəlxalq platformalarda bir-birimizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bütövlüyünü dəstəkləyirik.

Bu sözləri açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

O bildirib ki, dövlət başçılarının müxtəlif beynəlxalq platformalarda keçirdiyi müntəzəm görüşlər və qarşılıqlı səfərləri ölkələrimiz arasındakı münasibətlərin inkişafına yeni impuls verir.

Azərbaycan Ukraynaya humanitar yardımlar göstərməklə müharibədən əziyyət çəkən insanlara dəstəyini ifadə edir. Bu müddət ərzində ölkəmiz Ukraynaya generatorlar, transformatorlar, təcili tibbi yardım avtomobilləri üçün yanacaq, dərman və tibbi ləvazimatlar göndərib, dağılmış məktəb binasının təmirini həyata keçirib, həmçinin müharibədən zərər çəkmiş uşaqları ölkəmizə gətirərək reabilitasiya tədbirləri təşkil edib. O cümlədən aprelin 25-də İrpen şəhərinə 5 ədəd avtobus hədiyyə olunub. Bu yardımlar humanitar dəstək olmaqla yanaşı, Azərbaycanın humanitar missiyalar sahəsində prinsipial mövqeyini bir daha nümayiş etdirir

"Azərbaycan–Ukrayna arasında iqtisadi əməkdaşlıq da genişlənməkdədir. SOCAR Ukraynada fəaliyyət göstərir və energetika sahəsində müxtəlif layihələr icra edir. Ölkələrimiz arasında ticarət dövriyyəsi 500 milyon dolları keçib. Ukrayna dövlət başçısının ölkəmizə səfəri çərçivəsində ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər bir daha geniş müzakirə olunub",- deyə A. Badamov vurğulayıb.

Deputat əlavə edib ki, iqtisadi sabitlik ölkəmizdə həyata keçirilən strategiyanın ən mühüm dayaqlarından biridir. Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf modelini uğurla tətbiq edir. Enerji sektorunda əldə olunan nailiyyətlər, qeyri-neft iqtisadiyyatının inkişafı, nəqliyyat və logistika layihələrinin genişləndirilməsi ölkəmizin iqtisadi müstəqilliyini daha da gücləndirir.

Azərbaycanla Ukrayna arasında hərbi müdafiə sahəsində əməkdaşlığın qurulması üçün də geniş imkanlar mövcuddur. Çünki hər iki ölkə texnoloji silahların istehsalı sahəsində müəyyən təcrübə qazanıb. Dövlət başçılarının iştirakı ilə imzalanmış yeni sənədlər ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirir.

Azərbaycan həm də yeni reallıqlar formalaşdıraraq regional sülhün təmin olunmasına töhfə verir. O cümlədən münaqişə tərəfləri arasında sülhün əldə olunması üçün diplomatik danışıqların aparılması məqsədilə təhlükəsiz və tərəfsiz platforma təqdim edərək mühüm təşəbbüslərlə çıxış edir.

Xüsusilə diqqətəlayiq məqamlardan biri Ukrayna Prezidenti Volodimir Zelenskinin Qəbələdə mətbuata verdiyi bəyanatda Azərbaycanın Rusiya ilə mümkün sülh danışıqları üçün platforma ola biləcəyinə dair səsləndirdiyi fikirlərdir. Bu yanaşma təsadüfi deyil və Azərbaycanın beynəlxalq arenada qazandığı etimadın və nüfuzun real göstəricisidir. Bu, həm də ölkəmizin dialoq, qarşılıqlı anlaşma və sabitlik məkanı kimi qəbul olunduğunu bir daha təsdiq edir.

Azərbaycanın xarici siyasətinin əsasını balanslı yanaşma təşkil edir. Ölkəmiz müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanaraq münasibətlər qurur. Bu siyasət Azərbaycanı qarşıdurma deyil, əməkdaşlıq platforması kimi təqdim edir. Məhz bu balanslı mövqe sayəsində Azərbaycan həm regionda, həm də daha geniş beynəlxalq müstəvidə sabitləşdirici rol oynayır.

Ölkəmiz yalnız regional deyil, həm də qlobal səviyyədə dialoq və əməkdaşlıq məkanı kimi rolunu artırmaqdadır. Müxtəlif maraqların uzlaşdırıldığı, qarşılıqlı etimadın qurulduğu mühitin yaradılması Azərbaycanın strateji hədəflərinə tam uyğun gəlir.

"Bu gün Azərbaycanın həyata keçirdiyi uğurlu siyasətin təməlində duran balanslı yanaşma, iqtisadi sabitlik və təhlükəsizliyin təmin olunması ölkəmizin davamlı inkişafının əsas təminatıdır. Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi, yeni sahələr üzrə əməkdaşlıqların qurulması və mövcud münasibətlərin dərinləşdirilməsi bu kursun uğurla davam etdiyini göstərir",- deyə o bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər