Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti Azərbaycanın BMT ilə əməkdaşlığında ən mühüm istiqamət olub. Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd qətnamə ilə Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verib və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edib. Lakin həmin sənədlərin icra olunmaması BMT mexanizmlərinin zəifliyini ortaya qoyub.
“Azərbaycan uzun illər bu qətnamələrin yerinə yetirilməsini tələb etsə də, beynəlxalq ictimaiyyətin susqunluğu nəticəsində 2020-ci ildə öz ərazilərini hərbi-siyasi yolla azad etməyə məcbur oldu. 44 günlük Vətən müharibəsi BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququnun ən bariz nümunəsi idi. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq hüquqa sadiqliyinin və öz suveren hüquqlarını qoruma əzmindən geri çəkilmədiyinin göstəricisidir.
Azərbaycanın humanitar gündəliyi də BMT ilə münasibətlərdə mühüm yer tutur. Ermənistanın işğalı nəticəsində 3890 Azərbaycan vətəndaşının itkin düşməsi faktı mütəmadi olaraq BMT Baş Assambleyasında gündəmə gətirilir. Azərbaycan bu məsələdə xüsusi məruzəçi institutunun yaradılmasını təklif edərək, beynəlxalq ictimaiyyəti daha səmərəli fəaliyyət göstərməyə çağırır. Bu problem sülh gündəliyinin də mühüm tərkib hissəsidir və ayrıca maddə ilə şərtləndirilib. Eyni zamanda, mina təhlükəsi işğaldan azad olunmuş ərazilərin inteqrasiyasına ən böyük maneələrdən biri olaraq BMT-də qaldırılan prioritet məsələlərdəndir. Azərbaycan bu problemi Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə birbaşa əlaqələndirərək mina təmizlənməsini yeni bir məqsəd kimi irəli sürüb və hətta milli səviyyədə “DİM 18” qəbul edib. Bu yanaşma Azərbaycanın təkcə milli deyil, həm də beynəlxalq miqyasda innovativ və qabaqcıl təşəbbüslərlə çıxış etdiyini göstərir”, - deyə deputat bildirib.
O, ölkəmizin üzv dövlət kimi, BMT-də islahatların zəruriliyini xüsusi vurğuladığına diqqət çəkib: “Prezident İlham Əliyev dəfələrlə Təhlükəsizlik Şurasının müasir beynəlxalq reallıqlara uyğunlaşdırılmasının vacibliyini bildirib. Onun fikrincə, Şurada yeni daimi üzvlərin təmsil olunması, xüsusilə İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına bir yer ayrılması qlobal ədalətlilik baxımından labüddür. Bu mövqe Azərbaycanın yalnız milli maraqlarını deyil, həm də Qlobal Cənub ölkələrinin maraqlarını müdafiə etdiyini nümayiş etdirir. Azərbaycan beynəlxalq münasibətlərdə balanslaşdırılmış və prinsipial mövqeyi ilə dünya nizamının daha ədalətli və inklüziv olması üçün təşəbbüslər irəli sürür. Azərbaycan həm Qoşulmama Hərəkatına sədrliyimiz dövründə, həm UNFCCC COP29-a ev sahibliyimiz zamanı, həm də COVID-19 pandemiyası zamanı Qlobal Cənubun maraqlarının qorunmasını təmin etmiş, dekolonizasiya, iqlim dəyişmələri, ədalətlilik, bərabərlik kimi bu ölkələri narahat edən mövzularda dəstəyini ifadə etmiş və böyük töhfə vermişdir.
Cənubi Qafqazda yeni nizam, yeni reallıq yaradan tarixi Zəfərdən sonra məhz, Prezident İlham Əliyevin təşəbbüsü və müəllifliyi ilə bütün Azərbaycan xalqının gözlədiyi ədalətli sülh gündəliyi irəli sürüldü. Bu il avqustun 8-də “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması ABŞ liderinin şahidliyi ilə baş tutub”.
P.Vəliyeva vurğulayıb ki, BMT Baş katibi Antonio Quterreş, 2025-ci il 9 avqust tarixli bəyanatında, ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında əldə olunmuş sülh üzrə razılaşmaları Ermənistan və Azərbaycan arasındakı münasibətlərin normallaşması istiqamətində mühüm bir addım olaraq alqışlayıb. Baş katib Azərbaycan və Ermənistan liderlərinin bu istiqamətdəki sadiqliyini yüksək qiymətləndirib, davamlı etimad quruculuğunun zəruriliyini vurğulayıb. Eyni zamanda, Cənubi Qafqazda sülhün davamlı təmini üçün BMT-nin bütün səylərə güclü dəstəyini bir daha təsdiq edib.
“BMT-nin 80 illiyi ərəfəsində, təşkilatda islahatların həyata keçirilməsi məqsədilə Baş katib tərəfindən mart ayında “UN80” təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs BMT-nin fəaliyyəti və strukturlarının müasirləşdirilməsi, eləcə də daha effektiv və imkanları daha geniş olan bir təşkilat halına gəlməsi məqsədini güdür. “UN80” təşəbbüsü çərçivəsində, Azərbaycanın da üzvü olduğu G77 və Çin qrupu islahatların inkişaf etməkdə olan ölkələrə göstərilən dəstəyi azaltmamasını, BMT-nin resurslarından daha ədalətli şəkildə faydalanmasını təmin etmək olduğunu vurğulayır. Bu yanaşma BMT-nin qlobal miqyasda ədalət, bərabərlik və əməkdaşlıq prinsiplərinə sadiqliyini əks etdirir.
Ötən il isə Azərbaycan BMT-nin ən mötəbər tədbiri COP29-a uğurlu ev sahibliyi edib. 2026-cı ildə isə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə 13-cü Dünya Şəhərsalma Forumuna və BMT-in Ətraf Mühit Proqramı (UNEP) ilə birgə Ümumdünya Ətraf mühit günü olmaqla daha iki BMT tədbirinə ölkəmiz ev sahibliyi edəcək. Bu isə ölkəmizin gələcək illərdə BMT ilə əməkdaşlığının əsas istiqamətlərini ehtiva edir. Beləliklə, Azərbaycan həm regional təhlükəsizliyin təminatçısı, həm də qlobal idarəetmənin ədalətli prinsiplərlə yenidən formalaşması üçün təkliflər irəli sürən bir dövlət kimi çıxış edir. Ölkəmizin beynəlxalq təşkilatlarda aktiv fəaliyyəti və prinsipial mövqeyi göstərir ki, Azərbaycan yalnız öz hüquqlarını müdafiə etmir, həm də beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün real töhfələr verir”, - deyə deputat vurğulayıb. (AZƏRTAC)